Astara rayonunda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən mal-qaranın baş sayı ilbəil çoxalır. Bu isə məhsul artımına müsbət təsir göstərir.
Oktyabrın 1-dək rayon üzrə 40 min 654 baş iribuynuzlu, 20 min 618 baş xırdabuynuzlu heyvan qeydə alınıb.
Bu barədə Astarainfo.az-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin doqquz ayında rayonda 2 min 975,4 ton ət (diri çəkidə), 20 min 349,3 ton süd, 28 ton yun, 8 milyon 838 min ədəd yumurta istehsal olunub. Ət istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 21,4 ton, yun istehsalı 1 ton, yumurta istehsalı isə 5 min ədəd artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının çoxalması ilə yanaşı, onların cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. Doqquz ayda 1464 baş inək və düyə süni yolla mayalandırılıb, 608 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.