Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi artırılıb.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, hazırda rayonda 272,5 hektar çay sahəsi var. İndiyədək bu sahələrdən 699,2 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 148,7 ton (27 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə 10,8 sentner artaraq 51 sentner təşkil edib.

Rayonda çayçılıqla 4 təsərrüfat məşğuldur. Bu ilin doqquz ayında həmin müəssisələr tərəfindən 241,6 ton və ya 40,5 faiz çox yaşıl çay yarpağı istehsal edilərək çay fabriklərinə təhvil verilib. Məhsuldarlıq isə 7,5 sentner artaraq 26 sentner olub.

Fərdi təsərrüfatlar tərəfindən isə 457,6 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz çox məhsul yığılıb.

Hazırda rayonun çayçılıq təsərrüfatlarında məhsul yığımı kampaniyası davam edir.