Astarainfo.az xəbər verir ki, Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

       Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Aşıq Ələsgərin 200 illik yubileyinin respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam imzalamasını Aşıq Ələsgər yaradığıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət və dövlətin qayğısı kimi dəyərləndirmişdir.

        Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edən rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov bildirmişdir ki, Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndərimiz  Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubiley tədbirləri dövlət səviyyəsində Ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilmiş, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilmiş, qədim yurd yerimiz olan Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılmışdır. Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

       Azərbaycan Aşıqlar Birliyinin üzvü, beynəlxalq festivalların iştirakçısı, “Şindan” aşıqlar ansamblının rəhbəri, Sım Folklor evinin direktoru aşıq Elxan ŞindanlıAşıq Ələsgərin şeirlərindən parçalar oxumuş, sozlərinə bəstələnmiş mahnılar ifa etmişdir. 

       Tədbirdə  Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış etmişlər.

       Çıxışlardan sonra  Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

       Sonda tədbir iştirakçıları Aşıq Ələsgərin əsərlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirmişlər.