Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası oktyabrın 31-də və noyabrın 1-də Astara şəhərində tibbi aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən Astarainfo.az-a verilən məlumata görə, Dəmir yolu Səyyar Klinikası tərəfindən Astara şəhərində COVID-19 pandemiyası ilə əlaqədar olaraq gigiyenik qaydaları qorumaq şərti ilə tibbi xidmət göstəriləcək. Aksiya Astara şəhərində, dəmir yolu stansiyasında keçiriləcək və saat 09:00-da başlayacaq. Aksiya zamanı Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin və qazilərin müayinə və cərrahiyyə əməliyyatları aparılacaq. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.