Bu ilin doqquz ayında Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsulların və xidmətlərin ümumi dəyəri 143 milyon 706,8 min manat olub. Bu, əvvəlki ilin göstəricisindən 9,1 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən məhsul və xidmətlərin dəyəri 16,2 faiz artaraq 1297,0 manat təşkil edib.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda məhsul buraxılışının 57 milyon 185 min manatı və ya 39,8 faizi kənd təsərrüfatının payına düşür.

Bu dövrdə sənayedə 23 milyon 82,7 min manatlıq (16,1 faiz), tikintidə 7 milyon 939,8 min manatlıq (5,5 faiz) məhsul istehsal olunub.

Ümumi məhsulun 53 milyon 111,8 min manatı ticarətdən, 1 milyon 530,9 min manatı nəqliyyat və anbar təsərrüfatından, 856,6 min manatı informasiya və rabitə sektorundan əldə edilib.