Noyabrın 3-də Astara şəhərində Zəfər Gününə həsr olunmuş “Şanlı tariximizin Zəfər salnaməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin qaziləri, gənclər, dövlət qulluqçuları, gizir və zabitlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Astarainfo.az  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və “Şəhidlər” abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Astara Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsinin rəisi, mayor Orxan Əhmədov, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, Vətən müharibəsi qazisi, baş leytenant Rüfət Əsədullayev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov tədbirdə çıxış ediblər. Natiqlər Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Tədbirin sonunda şəhid mayor Kamran Fərəcovun təltif olunduğu “İgidliyə görə” medalı həyat yoldaşı Nuranə Fərəcovaya, şəhid Nurlan Rəhimovun təltif olunduğu “Döyüşlərdə fərqlənməyə görə” medalı oğlu Əlövsət Rəhimliyə, Vətən müharibəsi iştirakçısı Turan Həsənzadəyə isə “Laçının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları təqdim edilib.