Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası ilə Astara Rayon Mədəniyyət Mərkəzində çıxış edib.
Astarainfo.az xəbər verir ki, ailə-məişət mövzusundan bəhs edən səhnə əsərində cəmiyyətin problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid atəşinə tutulur.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.
Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.