Astara Gənclər Evində rayon Gənclər və İdman İdarəsi, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qələbənin izi ilə” mövzusunda konfrans keçirilib.

Astarainfo.az  xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi səlahiyyətlərini icra edən Rufan Şirinov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Kəmalə Abıyeva, şəhid Rəhimov Nurlanın oğlu Əlövsət Rəhimli, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Astara rayon təşkilatının sədri Rafiq Əliyev, Vətən müharibəsinin qazisi Abdullah Cəfərli və başqaları çıxış ediblər.

Tədbirdə Astara şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Astara Rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsinin qazisi Abdullah Cəfərliyə, şəhid Vüsal Nəhmətovun övladları Qəni və Ömər Nəhmətliyə, şəhid Nurlan Rəhimovun övladları Əlövsət və Səidə Rəhimliyə hədiyyələr təqdim olunub.