Səyyar “ASAN xidmət” avtobusu oktyabrın 28-dən Astara şəhərində vətəndaşlara xidmət göstərir.
Astarainfo.az xəbər verir ki, əhaliyə göstərilən səyyar xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Bu xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti, vətəndaşlıq vəziyyətləri aktlarının qeydə alınması, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tibb xidməti.
Qeyd edək ki, vətəndaşlara səyyar “ASAN xidmət”in göstərilməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim olunması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN xidmət” avtobusu noyabrın 26-dək Astarada vətəndaşlara xidmət göstərəcək.
Astaradan sonra Səyyar “ASAN xidmət” avtobusu dekabrın 1-dən Lənkəranda olacaq.