Noyabrın 8-də Astara rayonunda Zəfər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Astarainfo.az xəbər verir ki, səhər saatlarında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini, “Şəhidlər” abidə kompleksini və yeni salınmış Zəfər parkını ziyarət ediblər.

Sonra tədbir iştirakçıları Astara park-bulvar kompleksində təşkil olunmuş bayram şənliyinə qatılıblar.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Q.Ağayev rayon sakinlərini Zəfər Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük Qələbənin xoşbəxtliyi və sevincini yaşayır.

Tədbirdə təqdim olunan ədəbi-bədii kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şeirlər, sərgilənən rəsm əsərləri, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi parka gələnlər tərəfindən maraqla qarşılanıb.

Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edib, axşam saatlarında atəşfəşanlıqla başa çatıb.

Zəfər Günü ilə əlaqədar Astarada, həmçinin ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Ələt-Astara avtomobil yolunun 203-cü kilometrliyində 700 ədəd müxtəlif növ ağac əkilib.