Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir. İl ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır;

Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır;

Rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib;

Ötən il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb.Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir;

Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir;

İki ölkə arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlarCənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq;

Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq;

26 noyabr Bəyanatı. Bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üç tərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu:

– Bəyanatda Qarabağ ifadəsi yoxdur;

– Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur;

– sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir;

avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub;

hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb;

ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər;

– Rusiya prezidenti “dəhliz” dedikdə avtomobil və dəmir yolları demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir;

Maraqlarının təmin olunması naminə birgə komissiyaların yaradılması. Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib;

Üçtərəfli işçi qrupların fəaliyyətinin təşviqi.Bəyanata əsasən 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur. Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb;

Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir. 26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bununla da status məsələsi artıqAzərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib;

Etibarlı münasibətlərin bərpa olunması. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək;

Azərbaycan tərəfi 26 noyabr Bəyanatında əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını atacaq. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib.