Astara rayonu Şiyəkəran kənd 1 saylı məktəbində orta təhsil almış, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, həmçinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Tahir oğlu Salmanov 26 noyabr tarixində fizika üzrə elmlər doktorluğu ilə bağlı tamamladığı dissertasiya işini uğurla müdaifə etmişdir.
Astarainfo.az xəbər verir ki, elm və ictimai fəaliyyət sahəsində Azərbaycanın ən nüfuzlu simalarından olan gənc alim, 12 fevral 1979-cu ildə Astara rayonu Şiyəkəran kəndində dünyaya göz açmışdır. 1986-1996 Astara rayonu Şiyəkəran kənd 1 saylı məktəbində təhsil aldıqdan sonra 2000-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr, 2002-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutunda aspiranturaya (indiki doktoranturaya) daxil olmuş, 2007-ci ildə isə tamamladığı dissertasiya işini uğurla başa vuraraq fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsini almışdır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 2014-cü ildən başlayaraq, Radiasiya Problemləri İnstitutunda elmlər doktorluğu üzrə dissertantura təhsilini almış və 2019-cu ildə disertasiya işini tamamlayaraq Disertasiya şurasına təqdim etmişdir. 26 noyabr 2021-ci il tarixində 2225.01 – “Radiasiya materialşünaslığı” ixtisasında fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA-nın Radiasiya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən D.01.011 saylı Dissertasiya Şurasında böyük müvəfəqiyyətlə müdafiə etmişdir.
Radiasiya materialşünaslığı üzrə yüksək klassifikasiyalı mütəxəssis-alim hesab olunan Famin Salmanovun 136 elmi əsəri nəşr edilmişdir. Onun əsərlərinin əksəriyyəti, kimi dünya elm platformasında ən böyük reytinqə malik olan “Web of Sciences, “Scopus” kimi nüfuzlu nəşriyyatların jurnallarında çap olunmuşdur. Alimin tədqiqat işlərinin nəticələri, eləcə də avropada, ABŞ-da, Yaponyada, Çində və s. elm sahəsində tanınan ölkələrdə baş tutal elmi platformlarda müzakirə olunmuş və nəşr edilmişdir.
AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə 2015-ci ildən nəşr olunmağa başlamış “Gənc Tədqiqatçı” adlı elmi-praktiki jurnal, Famin Salmanovun rəhbərliyi altında təsis olunmuşdur. Azrərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilən sözügedən jurnalın redaktoru da məhz gənc aimimizdir.
2012-ci ilin fevral ayının 14 elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər Mükafatı”nın laureatı kimi təltif olunan gənc alimimiz 2014-cü ildən AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə 3000-dən çox alim, doktorant, magistr və tələbəni özündə cəmləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinə sədr seçilmişdir.
Famin Salmanov şəriksiz olaraq Azərbaycanda elmi gəncliyin təşkilatlanması və koordinasiyası sahəsində həyata keçirilən strategiyanın ən öncül siması hesab olunur. O, AMEA-da, bütövlükdə Azərbaycanın digər elmi tədqiaqat və təhsil müəssisələrinin ictimai təşkilatlarının elm, təhsil və ictimai sferada fəaliyyətlərinin məqsəduyğun təşkilinə və idarəolunmasına böyük töhfələr vermişdir. Azərbaycan elminin təhsil və dünya elmi ilə inteqrasiyası sahəsində alimin əvəzsiz xidmətləri olmuşdur. Belə ki, onun təşəbbüsü və rəhbərliyi altında ilk dəfə olaraq partaxtın və regionların orta məktəblərində “Kiçik akademiya”lar, AMEA-nın elm güşələri, saysız elmi müsabiqələr, seminarlar, dəyirmi masalar və s. təşkil olunmuşdur. Bundan başqa, 2014-cü ildən bəri Azərbaycanda dünya gənc alimləri üçün təşkil olunan ən mötəbər səviyyəli beynəlxalq elmi konfrans, forum və digər oxaşar platformaların Elmi-təşkilat Kommistəsinə rəhbərlik kimi məsuliyyətli işin icraçısı da məhz Famin Salmanovun adı ilə bağlıdır.
17 fevral 2020-ci ildən AMEA YAP ərazi təşkilatın sədr müavini kimi fəaliyyətini davam etdirən gənc alim, ümumilli lider Heydər Əliyevin və onun siyası varisi İlham Əliyevin siyasi görüşlərinin təşviqatında, məhz onların töhfəsi nəticəsində Azərbaycanın həm daxili, həm də xarici arenalarda, o cümlədən hərb sahəsində qazandığı böyük uğurların geniş kütlə arasında ictimailəşdirilməsində də kifayət qədər böyük rolu olmuşdur. Alimin sadalanan məsələlərlə bağlı respublikda nüfuz qazanmış “Xalq”, “Azərbaycan”, “Respublika” və s. qəzetlərdə, həmçinin televiziya kanallarında saysız araşdırma tipli yazıları və çıxışları işıq üzü görmüşdür.