Ukraynanın Xarkov şəhərində keçirilən idmanın döyüş növləri üzrə Dünya çempionatında full-kontakt kikboksinq versiyası üzrə Azərbaycan milli komandasının tərkibində çıxış edən astaralı idmançı Ağadədə Əliyev 75 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və ikiqat dünya çempionu adını qazanıb.

Astarainfo.az  xəbər verir ki, dünyanın 25 ölkəsini təmsil edən idmançıların üç gün ərzində qələbə uğrunda mübarizə apardığı Dünya Çempionatında Azərbaycan milli komandası Vətənə 6 qızıl medalla qayıdıb.

Yarışdan əvvəl Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri səfiri Əfqan Salmanov milli komandamızın üzvlərini qəbul edib.

Səfirlikdə Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı keçirilən tədbirdə milli komandamızın üzvləri də iştirak ediblər.

Dünya Çempionatı başa çatdıqdan sonra səfir Əfqan Salmanov milli komandamızın üzvlərinə mükafatlar təqdim edib.

Qeyd edək ki, astaralı idmançı Ağadədə Əliyev 2018-ci ildə Bakı şəhərində Alpaqut döyüş növü üzrə keçirilən Dünya Çempionatında da qızıl medal qazanıb. O, “Gömrükçü” İdman Mərkəzinin üzvüdür.