Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsi Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində öz yerini qoruyub saxlamaqdadır.

Astarainfo.az  xəbər verir ki, bu fikir dekabrın 16-da Astara Rayon Mədəniyyət Mərkəzində dünya poeziyasına dəyərli söz inciləri bəxş etmiş Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ümumrayon tədbirində səsləndirilib.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavinləri Firəngiz Sadıxova və İlqar Malıyev, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun mədəni-maarif müəssisələrinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Nizami Gəncəvinin hikmət dolu söz xəzinəsindən danışılıb, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında böyük şairin əsərlərinin motivləri hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Ədəbi-bədii kompozisiyada Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimli şairin “Leyli və Məcnun” poemasından bir parça söyləyib.

Həzin musiqi sədaları ilə müşayiət olunan tədbirdə rayonun bədii özfəaliyyət kollektivlərinin üzvləri Nizami Gəncəvinin qəzəllərindən ibarət muğamlardan parçalar ifa ediblər.