Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.
Astarainfo.az xəbər verir ki, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər.
Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.
Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.
***09:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.