Astara Rayon Gənclər və İdman İdarəsində AFFA-nın təşkilatçılığı ilə futbol üzrə kişilər arasında keçirilən “Region Liga” çempionatında uğurla çıxış edən “Astara” Futbol Klubunun üzvlərinə mükafatlar təqdim olunub.
Astarainfo.az  xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov “Astara” Futbol Klubunun üzvlərini və onun məşqçilərini “Region Liga” çempionatında qazanılmış uğurlar və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Görüşdə çıxış edən “Astara” Futbol Klubunun baş məşqçisi Qəhrəman Mirzəyev, məşqçilər Cəsarət Əliyev və Etibar Axundov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Region Liga” çempionatına oktyabrın 30-dan start verilib. Artıq çempionatın 6 turu geridə qalıb. “Astara” Futbol Klubu 6 oyundan 4-nü qələbə ilə, 1 oyunu heç-heçə, 1 oyunu isə məğlubiyyətlə başa vurub.
“Region Liga” çempionatında oyunlar 2022-ci ilin fevral ayından davam edəcək.