Şəhidim,cənnətdəki doğum günün mübarək olsun.
Şərəfli ad qazanmaqla qəlbən bağlandığı peşəyə əlvida dedi…
Rəhmanov Samiq Rizvan oğlu 1990-cı il yanvarın 3-də Səncərədi kəndində dünyaya gəlib. Soyuq qış günlərində göz açdığı, doğulduğu ailəyə hərarət gətirməklə valideynlərini sevincə qərq edib. Orta məktəbi bitirəndən sonra 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.2010-cu ildə hərbçi peşəsinə marağı olduğundan müddətdən artıq hərbi xidmətdə çalışıb.
Aprel döyüşlərində təcrübə qazanan və baş çavuş rütbəsi alan igid həmyerlimiz Vətən mühariəsində tank qoşunları tərkibində Füzulinin azad olunması uğrunda döyüşmüş,düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdir.
Samiq Rəhmanov oktyabrın 25-də Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində şəhidlik məqamına ucalmışdır.
Vətən müharibəsinin şəhidi Samiqgildə bizi xoş qarşılayan anası Gülnarə xanım əvvəlcə nə deyəcəyini bilmədən duruxdu. Haçandan-haçana kövrəlmiş halda yalnız “Samiq bütün yaxşı sözlərin başında durur” deyəndə duydum ki, pəhləvan cüssəlli oğul itirmiş ananın qəmli baxışlarındakı sükut onun yanan ürəyindən su alır.
Şəhidin həyat yoldaşı onunla bağlı xoş sözlər söylədi: – Samiq həqiqətən yaxşı insan idi. Ailəsini sevdiyi qədər peşəsinə də bağlı idi. Müharibə dövründə onunla telefonda danışanda çox rahatcasına yalnız “mən yaxşıyam, özünüzdən muğayat olun”,- deyərdi. Samiq özünü Vətənin bir parçası hesab etdiyindən Vətən uğrunda da ölümsüzlüyə qovuşdu. Ondan əmanət qalan uşaqlarını onun kimi cəsur, qorxmaz, vətənpərvər böyütməyə çalışacağam.
Gəlinlə qaynananın bir-birinə qarşı səmimi münasibəti onların baxışlarından, rəftarından duyulurdu. Biri ciyərparasını, digəri isə ömür-gün yoldaşını erkən itirib. Onlar dərd-sərlərini bir-biri ilə paylaşırlar. Mehribançılıqları yəqin ki, Vətən yolunda şəhid olmuş Samiqin də ruhunu şad edir.
On ilə yaxın ömrünü Vətənə can-başla qulluq edən 3 övladı bizə yadigar qalan MAHHXHQ çavuş Rəhmanov Samiq Rizvan oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, ”Füzuinin azad edilməsinə görə” və “Cəsur döyüşcü” medalları ilə təltif edilib.
P.S Samiqin qardaşı Ramiq Rəhmanov da 11 ildir, Vətənə fədakarcasına qulluq edir. O, 44 günlük Vətən müharibəsində iştirak edərək cəsurluq göstərmiş hərbi qulluqçudur.