Astara rayonu Azərbaycanın subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını sitrus meyvələrinin istehsalı təşkil edir.
Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi nəticəsində Astarada sitrus meyvəçiliyin inkişafı üçün əlverişli şərait yaranıb.
Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün rayonda əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir.
Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a verilən məlumata əsasən, son iki ildə rayonda 296,6 hektar yeni sitrus meyvə bağları salınıb.
Bildirilib ki, 2021-ci ildə rayonda 4816,6 hektar meyvə və giləmeyvə sahələrindən 56 min 061,3 ton və ya əvvəlki illə müqayisədə 17 faiz çox məhsul istehsal edilib.
Ötən il Astarada 53 min 448,3 ton və yaxud ötən ilə nisbətən 17,5 faiz çox sitrus və subtropik meyvə istehsal edilib. İstehsal olunan sitrus və subtropik meyvələrinin 6979 tonunu feyxoa, 2074,9 tonunu limon, 3990,9 tonunu portağal, 40 min 242 tonunu narıngi, 161,5 tonunu digər meyvələr (kinkan və qreypfrut) təşkil edib.
Sitrus və subtropik meyvələrin hər hektarının məhsuldarlığı artaraq 210,6 sentner təşkil edib.
Feyxoanın hər hektardan məhsuldarlığı 122,1, limonun məhsuldarlığı 97,3, portağalın məhsuldarlığı 154,4, narınginin məhsuldarlığı 273,1, digər meyvələrin (kinkan və qreypfrut) məhsuldarlığı isə 76,9 sentner olub.