Gənclər və İdman, Təhsil nazirliklərinin, ”Azərbaycan İdman Könüllüləri“ İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Astara şəhər 2 nömrəli tam orta məktəbdə sərbəst güləş üzrə Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı, Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, III dərəcəli “Əmək“ ordenli və “Tərəqqqi” medallı Aslan Ağayevlə görüş keçirilib.

Astarainfo.az xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov və başqaları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.
Çıxış edənlər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndiriblər.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov Azərbaycan idmanının məşhur simalarından olan, hazırda məşqçilik fəaliyyətini davam etdirən Aslan Ağayevin qazandığı idman uğurları barədə məktəblilərə məlumat verib.
Qeyd olunub, Aslan Ağayev XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, dünya çempionatının ikiqat gümüş, üçqat bürünc mükafatçısı, gənclər arasında dünya çempionu, Avropa çempionatının üçqat qızıl, üçqat gümüş və dördqat bürünc mükafatçısı Cəbrayıl Həsənovun, dünya çempionatının qızıl və bürünc medalçısı, Avropa çempionatının gümüş və bürünc medalçısi Əliabbas Rzazadənin və digər məşhur idmançıların şəxsi məşqçisidir.
Diqqətə çatdırılıb ki, Ağayev Aslan Loğman oğlu gənclər və idman nazirinin əmrinə əsasən Astara Olimpiya İdman Kompleksinin direktoru təyin olunub.
Görüşdə çıxış edən Aslan Ağayev idmanda qazandığı uğurlardan və məşqçilik fəaliyyətindən danışıb, məktəbliləri maraqlandıran sualları cavablandırıb.