Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə “Postmüharibə dövründə insan hüquqları” mövzusunda keçirilən respublika uşaq rəsm müsabiqəsində astaralı məktəblilər uğurla çıxış ediblər.
Astarainfo.az  xəbər verir ki, müsabiqədə iştirak edən astaralı uşaqlardan 9-nun çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib.
Müsabiqədə fəal iştirak edən astaralı uşaqlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.
Astara Rayon Təhsil Şöbəsində respublika müsabiqəsində uğur qazanmış məktəblilərə – Rayon Dövlət Rəsm Qalereyasının rəsm dərnəyinin üzvlərinə – Əlirza Axundzadə, Aysun Cümşüdova, Aysun Əliyeva, Nuray Nemətova, Sara Kərimzadə, Xədicə İsayeva, Zeynəb Hüseynzadə, Nuray Novruzova və Elvira Fərziyevaya “Təşəkkürnamə”lər təqdim olunub.
Tədbirdə çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva respublika rəsm müsabiqəsində uğur qazanmış şagirdləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.