Vətənin dəyanətli oğulları, cənnətdəki doğum gününüz mübarək olsun.

Ən gözəl ölüm – Şəhidlik
O, rayonumuzun Səncərədi kəndində 1978-ci il yanvarın 14-də ziyalı ailəsində işıqlı həyata göz açır. Ailədə 4 oğlan 1 qız böyüyəndən sonra ömür yollarını müəyyənləşdiriblər. Qəhrəmanımız Kamran da 1995-ci ildə Ziya Bünyadov şəhər 2 saylı tam orta məktəbi bitirəndən sonra  çoxdan arzusunda olduğu peşənin ardınca getməyi qərarlaşdırır. Məktəbi uğurla başa vuran məzun elə həmin il Ali Birləşmiş Komandanlıq məktəbinin taktiki Tank Qoşunları fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. 1999-cu ildə Bakıda “N” saylı hərbi hissədə tağım komandiri təyin edilir. Sonrakı yolları Ağdam, Gəncə, Goranboydan keçir.

2011-ci ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılır. O, şərəfli hərbi işdə müxtəlif yerlərdə çalışmağına baxmayaraq həmişə dəyişilməz saf əqidəsi ilə Vətənə xidmət edib, rəhbərlik etdiyi heyətin hörmətini qazanıb. Səriştəli zabit kimi fəaliyyəti medallarla, fəxri fərmanlarla baş leytenant, kapitan rütbəsi ilə dəyərləndirilib. Kamran Fərəcov ehtiyatda olan zabit kimi gənc hərbiçilərdən tövsiyələrini heç zaman əsirgəməyib.

Vətən Müharibəsi başlananda Kamran Fərəcov da  tərəddüd etmədən torpaqlarımızın bölünməzliyi uğrunda gedən savaşda könüllü iştirak edir və əbədiyyətə qovuşur. Özündən sonra canı qədər sevdiyi əkizləri – dörd yaşlı Dənizlə Şəmsi xatirələrlə baş-başa qalan həyat yoldaşına əmanət qoyur. Kamran Fərəcovun həyat yoldaşı Nuranə xanım müsahibimizdir:

-Özümə fəxr bilirəm ki, Vətən Müharibəsində mərdliklə döyüşən və şəhidlik zirvəsinə ucalan, yaşadığım şəhərin bir küçəsi adını daşıyan Kamranın həyat yoldaşıyam. Hərbi işdə çalışmağın nə qədər çətin, məsuliyyətli, şərəfli, müqəddəs olduğunu yoldaşımın sevdiyi peşəsinə bağlılığından anlayırdım. Onun təyin edildiyi rayonlarda mən də müəllim kimi çalışmışam.

2004-cü ildə ailə həyatı qurmuşduq. 13 il övlad üzünə həsrət qalsaq da Kamran qurduğumuz ailəni məhəbbəti, qayğısı, səmimiyyətli ilə qoruyardı. Əkizləri dünyaya gələndə sanki dünyanı ona bağışladılar. İşdən ayrıldığına görə darıxanda,  övladları ona hər şeyi unutdurardı.  Kamran işdən yorğun halda, gec qayıdanda maraqlı söhbətlər edərdi və yorğunluğu bir andaca unudulardı. Vətənini çox sevərdi. Polad Həşimovun ölümündə hamı kimi o da çox təsirlənmişdi. O vaxtdan elə narahat görünər “əgər müharibə baş versə könüllü müraciət edəcəyəm”,- deyərdi. Arzusuna da çatdı. Sentyabrın 21-də bizdən gülə-gülə ayrılanda gözlərindəki sezdiyim təlaşı sonradan anladım.

O, döyüşlərdə tabor komandirinin müavini təyin edilib. Məsuliyyəti çox vaxtı az olsa belə imkan tapıb telefonda bizimlə salamlaşar  “ uşaqlardan ötrü çox darıxıram”,- söyləyəndə mən də “narahat olma inşallah, salamatlıqla qayıdacaqsan”,- desəm də həyəcan içində olardım.

Oktyabrın 20-də Səncərədiyə qaynanamgilə getdim, gecəni gərginliklə keçirdim. Sabahısı inanılmaz, gözlənilməz halda bu acı xəbəri eşitdim. Sentyabrın 21-də ailəsindən çox şən halda ayrılan Kamran oktyabrın 21-də dərin sükutla doğulduğu ocağa qayıtdı. Onunla telefonla axırıncı danışığımız oktyabrın 19-da olmuşdu. O, “hər şeyə hazır ol” demişdi. Füzulidən, Cəbrayıldan, Qubadlıdan döyüş yolları keçmiş Kamran oktaybrın 20-də Qubadlının alınmasında qəhrəmancasına şəhid olmuşdu. Ölümünə iki gün qalmış Kamran top mərmi atəşi altında namaz qıldığı zaman döyüş yoldaşları “Qərargah rəisinə top,mərmi xətər yetirə bilmədisə snayper gülləsi də heç nə edə bilməz” deyiblər. Təəssüf ki, Kamran elə snayper gülləsindən aldığı xəsarətdən Cəbrayılda əməliyyat olduğu zaman bizimlə əlaqə saxlamadan həyatla vidalaşıb.  Kamranı itirsəm də onunla bağlı xatirələr mənə ömür boyu təsəlli olacaq və onunla həmişə qürur duyacağam.

Astara Pedaqoji Kollecinin müəllimi Nuranə xanım qürurlu halda söhbətini  tamamlayanda onun bir sözü yaddaşıma həkk olundu. “Kamran hər şeyin gözəl olmasını sevirdi, ölümün də ən gözəlini seçdi.”

Səncərədidən Nargilə xanım Kamrandan yazdığımı biləndə təsirlənmiş halda şəhidi anaraq ondan ağızdolusu danışdı:

Kamran gözümün önündə böyüyüb. Şəhid olduğunu eşidəndə əzizləri qədər sarsıldım. Çox mehriban, hər davranışına fikir verən bir oğul idi. Şən gülüşü, hər zaman qulağımda səslənir, xoş siması gözümün önündən çəkilmir. Nur üzlü, şirin söz-söhbətli balam heç cür yadımdan çıxmır. Axıo, mənim də qol-qanadım idi…

Kamran Fərəcovu son mənzilə yola salan əsgərləri komandirləri haqqında yana-yana danışanda şəhidin onlar üçün necə hörmətli şəxsiyyət olduğu anlaşılırdı.

Müsahibim Rauf Salayevin söhbəti maraqlıdır:

Əsgərləri özündən çox istəyən qərargah rəisini, komandiri unutmaq mümkün deyil. Müharibədə qızğın döyüşlərdə belə xasiyyəti, xarakteri dəyişilməzdi. Bəzən yemək payından imtina edər, əsgərlərə verər, həmişə özü öndə gedər, bizimlə doğması, əzizi kimi rəftar edərdi.

Yadımdadı, Cəbrayıl alınanda komandirimiz adsız bir yüksəkliyə qalxıb xoş avazla azanı söyləyəndən sonra oturub namaz qıldı, dualar etdi, müharibənin qələbə ilə başa çatmağını arzuladı.

Vətən üçün canından keçən komandirimizin son nəfəsində yanında olmadığımıza görə (çoxumuzu başqa yerə göndərmişdilər) təəssüflənirəm.  Onun, yanında olan əsgərlər deyirlər ki, komandirimiz yaralandığı zaman ağır vəziyyətdə olarkən “yalnız deyərsiniz ki, müharibədə həmişə sizi, əsgərlərimi düşünmüşəm, onları qorumuşam” söyləyib.

Ruhu şad olsun, komandirimiz ən gözəl sözlərə layiqdir.

Kamran Fərəcov el-obasında sevilən, nüfuzlu şəxsiyyətlərdən olub. Onun ölümündən sonra qohum-əqraba, dost-tanış, həmyerlilərin hər biri sarsıntı keçirib. Hətta qədirbilən insanlardan biri yataqda olan ağsaqqal bu acı xəbərdən dünyasını dəyişib.

Vətən Müharibəsinin qəhrəman döyüşçüsü, şəhidi, Mayor Kamran Fərəcov dillərdə dastan, ürəklərdə yaşayan gözəl ölümün mübarək  olsun!

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamına əsasən mayor   Fərəcov  Kamran Qılman oğlu  ölümündən sonra “III dərəcəli Rəşadət” ordeni ilə, “Vətən uğrunda”,”Cəbrayılın azad olunmasına görə“, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə”  medalları ilə təltif edilib.

 

Qurbanlığı kəsilmədən, özü qurban oldu

Hələ ölkədə Tovuz hadisələri baş verəndə Azərbaycan xalqı, xüsusən vətənpərvər gənclər narahat olaraq düşüncələrə daldılar. “Torpaqlarımızın əldən getməsi bir yana qəhrəman igidlərimiz də şəhid olur. Onların qisası nə zaman alınacaq” deyən, gənclərdən biri də qorxmaz, mübariz eloğlumuz Kamran idi. Ona görə də ölkədə qismən səfərbərlik  edilən zaman könüllü orduya yazılır.

Söhbət şəhərimizin Həzi Aslanov küçəsində boya-başa çatmış elə küçənin adına uyğyn cəsurcasına böyümüş Kamran Seyfullazdədən gedir.

Oğlunun dərdindən özünü itirmiş Rüqiyyə xanım bizi görcək “gəlin, balamın şəninə yazın, canlara dəyən bir oğul itirmişəm” deyərək ağlamağa başladı. Əslində dərdli ana ağlamırdı. O, danışdıqca göz yaşları aramsız yanağına süzülürdü. Bu acı mənzərədən adam təsirlənməyə bilməzdi. Pəhləvan cüssəli oğul itirmiş ananın həyacanla danışdığı qırıq-qırıq olsa da onu dinləmək boynumuza düşən haqq idi.

Kamran Cəlal oğlu Seyfullazadə 1999-cu il yanvarın 14-də dünyaya göz açanda anasının sevinci yerə-göyə sığmır. Talehindən yarımayan ana “oğul düşmən çəpəridir, böyüyəndə qayğımı çəkər” deyərək fərəhlənir. Kamran ağlı kəsəndə anasının onu necə əziyyətlə böyütdüyünü anladığından elə uşaq yaşlarında necə deyərlər yaşa dolur. Zaman keçdikcə o, nəinki anasının, bacısının, balaca Namiqin eyni zamanda dost tanışın, qohum-qonşunun müəllimlərin sevimlisi olmaqla onların hörmətini qazanan gənc olur.

Düşməni məhv etmək, qələbə qazanmaq arzusu ilə könüllü orduya yazılmış igidimizin vətən müharibəsində döyüş yolları Fizüli, Cəbrayıl, Qubadlı, Suqovuşan, Hadrut, Laçından keçir. Bütün döyüşlərdə öndə gedən qəhrəmanımız bir çox uğurlu əməliyyatlarda iştirak edir. Tapşırıqlara əməl edən Kamran 11 nəfərə rəhbərlik edən manqa komandiri kimi döyüşlərdə qələbə qazananda sevincdən nə edəcəyini bilmir. O, Allaha sığınaraq Şuşaya qalxanda əlbəyaxa döyüş zamanı bir çox düşməni məhv edir. Neçə-neçə yaralı silahdaşına qan verib, onları ölümün əlindən alır. Qorxmadan yaralı döyüşçüləri döyüş meydanından çıxarır. Cəsur həmyerlimiz növbəti hərbi əməliyyat zamanı yoldaşını xilas etmək istəyərkən özü də vətənə qurban gedir.

Qələbə arzusu ilə döyüşlərə yollanan Kamran müharibənin bitməsinə azacıq qalmış şəhidlərin cərgəsinə qoşulur.

Kamranın müharibədən göndərdiyi son videosunu izləmək çox təsirli oldu. Füzulinin alınmasından sonra deyib-gülən rəqs edən döyüşçülər necə də xöşbəxt görünürdülər. Hadrutda divara öz adını, soyadını, Astara bir də “Qarabağ Azərbaycandır” sözünü yazan Kamran nə biləydi ki, yaxın zamanda yazdıqları onu sevən silahdaşlarını qəm-qüssəyə qərq edəcək.

Anası deyir ki, məhəllədə Kamranın sağ-salamat qayıtmasından ötrü çoxlu qurbanlar niyyət edilmişdi. Amma onların heç biri həyata keçmədi. Çünki Kamranın özü vətən yolunda qurban oldu.

Anası ilə son danışığı oktyabrın 31-də olmuş cəsur igidimiz noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmaqla ölümsüzlüyə qovuşub. Kamranın döyüşdə göstərdiyi igidliyindən, qorxmazlığından, vətənə olan sevdasından şəhid anasına bir diləyimiz var:

Qəm yemə Ruqiyyə ana, oğlunla qürur duy, əziz-xələf oğlunun toyunu görmədin, muradın gözündə qaldı. Amma Kamranın cənnətdə olacağından hali oldun!  

Qəhrəman həmyerlimiz igid Kamran Cəlal oğlu Seyfullazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda”,”Cəbrayılın azad olunmasına görə”,”Füzulinin azad olunmasınagörə”, ”Xocavəndin azad olunmasınagörə”,”Suqovuşanın azad olunmasınagörə”,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Gülnar Əsədli

Astara