Şəhidim, cənnətdəki doğum günün mübarək olsun!

Halal ölüm

1986-cı il yanvarın 17-də Motlayataq kəndində Bilal müəllimin ailəsində növbəti körpə dünyaya gəlir. Ziyalı atası oğluna Əhəd adını verir. Körpə çox sonralar həm ailədə, həm də cəmiyyətdə öz adını doğruldur. Çoxuşaqlı ailənin yeni sakini orta məktəbi bitirəndən sonra qardaşları kimi ordu sıralarına yola düşür. Kiçik çavuş olaraq minaatan komandada xidməti borcunu yerinə yetirir.

(Qardaşları Kamal hərbçi həkim, Kazım isə sıravi əsgər kimi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.)

Yeniyetmə çağlarında Əhəd hündür ağacdan düşüb, başı zədələnir, əzizləri narahat olanda o “ucuz ölüm kimə lazım” deyir.

Vətən müharibəsi başlananda torpaqlarımızın uğrunda döyüşlərə qatılmağı arzulamış Əhəd qismən səfərbərlikdə könüllü orduya yazılmaqla vətənin müdafiəsinə getməyi qərara alır. O, oktyabrın 9-da övladları ilə görüşüb evdən ayrılır. Həyat yoldaşı Aysel o günləri qübarlı qəlbi ilə beləcə xatırladı:

Həmin gün evdə olmadığımdan onunla vidalaşa bilmədim. Əhəd hərbi komissarlıqdan zəng vurub “Uşaqlar sənə əmanət” deyib yola düşdü. O gündən səksəkə ilə yaşamağa başladım. Yaşca məndən on il böyük olsa da aramızdakı səmimi münasibətdən, mehribançılıqdan yaş fərqi hiss edilməzdi. Zəhmətkeş, ruzisini çətinliklə qazanan həyat yoldaşımla həmişə fəxr etdiyim kimi bu gün də onunla qürur duyuram. Hələ Aprel döyüşləri, Tovuz hadisələri baş verəndə Əhəd çox gərginlik keçirmişdir. Qəhrəmanların şəhadətini eşidəndə “Mənə də belə şərəfli ölüm qismət olaydı” deyirdi.

Övladlarına qarşı çox mehriban, qayğıkeş idi. Əvvəllər Bakıda daş karxanasında çalışırdı. Çətin işinə görə narahatlıq keçirsəm də o, yorğunluğunu qətiyyən biruzə verməzdi. Sonra başqa işdə çalışdı. Əhəd harda olursa olsun hallalıq axtarırdı. Ona görə də halal ölümlə qarşılaşdı. Əhəd müharibədə olduğu zaman gözümə yuxu getməzdi. Rayona şəhid gətirilməsini eşidəndə uşaqlar sezməsin deyə gizlincə ağlayardım.

Artıq Əhəd aramızda yoxdur. Əvvəllər ailəsini özü dolandırdığı kimi indi də onun hesabına dövlətin qayğısı ilə əhatə olunmuşuq. İnanın ki, həyat yoldaşımı yox, sirdaşımı, dostumu da itirmişəm. Hələ də ölümünə inanmıram, nə vaxtsa qayıdacağını gözləyirəm. Allahdan diləyim budur ki, onun mənə  əmanət etdiyi üç övladını adına layiq böyüdüb, yerbəyer edim.

Aysel xanım yoldaşını məhəbbətlə anarkən düşüncələrimi ona demədiyimdən indi qələmə alıram.

Şəhidini itirmiş sənin kimi qadınlara eşq olsun. Unutmayın ki, şəhidlər tək sizin yox, xalqımızın da ehtiramla andığı qəhrəmanlardır.

Əhəd Bilal oğlu Ağayev  Vətən müharibəsində Fizüli, Cəbrayılın azad olunmasında şəhidlərin intiqamını almaq istəyi ilə qəhrəmancasına döyüşüb. O, sonadək döyüşmək arzusunda olsa da noyabrın 1-də Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanır. Vətən torpaqlarının bölünməzlyi uğrunda şəhidlik zirvəsinə ucalır və 2 noyabrda müqəddəs nəşi əzizlərinə qovuşur.

Özündən  sonra 3 övladı yadigar qalan ,qəhrəman döyşçü Ağayev Əhəd Bilal oğluölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Gülnar Əsədli

Astara