Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan qanlı yanvar faciəsindən 32 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərində heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləbaran etdilər.

SSRİ rəhbəri Mixail Qorbaçov Bakıda erməni kartından məharətlə istifadə edərək sovet imperiya ordusunun əli ilə o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insanı amansızcasına qətlə yetirdi, 800-ə qədər adam yaralandı. Həmin dəhşətli qanlı terror gecəsində cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, evlərində belə qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi, tanklar altına salındı.

Bu qanlı hadisələr törədilən vaxtı iqtidar qüvvələr qaçıb gizləndiyi halda, Azərbaycanın dahi oğlu Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, təzyiq və təqiblərdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verdi. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

Yanvar qırğını nə qədər faciəli olsa da azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının iradəsini, əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Şəhid məzarları hər bir Azərbaycan vətəndaşının müqəddəs and yeridir.

Yanvarın 20-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri Astara şəhərində şəhidlərin xatirə kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.