Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Astarainfo.az  xəbər verir ki, reyd zamanı marşrut avtobuslarında və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən olunmuş qaydalara riayət etməsi yoxlanılıb.

Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Həmin sürücü və sərnişinlər barəsində qanunamüvafiq tədbirlər görülməklə yanaşı, bir daha izah edilib ki, bu kimi tədbirlər məhz onların və yaxınlarının sağlamlığının qorunması məqsədi daşıyır.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarına nəzarətlə bağlı tədbirlər, eyni zamanda, mağaza, market və digər qapalı məkanlarda da keçirilib. Ümumilikdə xüsusi karantin rejimi qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.