Astara Rayon Gənclər və İdman İdarəsi, Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” çərçivəsində yeniyetmə və gənclər arasında “Gənclər gələcəyimizdir” mövzusunda keçirilən rəsm sərgisinin qaliblərinə mükafatlar təqdim olunub.
Astarainfo.az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, İdarənin rəis müavini İqrar Cəfərov, Astara Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva çıxış ediblər.
Çıxış edənlər 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi” çərçivəsində icra edilən tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirərək, rəsm müsabiqəsində iştirak etmiş yeniyetmə və gənclərə yeni yaradıcılıq uğurları arzulayıblar.
Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 18 nəfər yeniyetmə və gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.