Rayonumuzun Maşxan kəndi “Seyid Əhməd” türbəsi ilə tarixə düşüb. Amma birinci və ikinci Qarabağ Müharibəsinin şəhidləri isə bu kəndin salnnaməsini yaradıblar. Birinci Qarabağ Müharibəsində altı, ikincisində üç şəhid verən Maşxan kəndinin cəsur oğlu Ramin Muxtar oğlu Əliyevdən danışmaq istəyirəm.

Ramin Muxtar oğlu Əliyev 1977-ci il fevral ayının 4-də Maşxan kəndində anadan olub. Ailənin ilk övladı kimi elə uşaqlıqdan diribaş, qorxmaz kimi tanınıb. 1994-cü ildə şəhid Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbini bitirib. 1995-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu numuvi əsgər kimi başa vurandan sonra hərbçi olmaq arzusu ilə yaşayır.

Ramin Əliyev 1999-cu ildən 2004-cü ilə qədər “N” saylı hərbi hissədə xüsusi təyinatlı tağım komandirinin müavini vəzifəsində çalışıb. Sonra isəehtiyyata buraxılıb. Lakin qəlbi vətən məhəbbəti ilə döyünən, ona sədaqətlə xidmət etmək arzusunda olan Ramin 2007-ci  ildə Silahlı Qüvvəllərin təlim tədris mərkəzində MAHHXHQ-nin hazırlıq kursunda təhsil alır. Tədrisi motoatıcı ixtisası üzrə bitirəndən sonra xüsusi təyinatlı tağım komandiri, qunbaratan komandiri, daha sonra isə tank əleyhinə bölüyünün qunbaratan komandiri vəzifəsində vətənə xidmət edir. O, əsl hərbçi kimi etimadı həmişə doğrultmuş, əməyi fəxri fərmanlarla, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının “90 illik”, “95 illik” və “100 illik”, eyni zamanda qüsursuz xidmətlərə görəüçüncü”, ikinci, birinci dərəcəli “ medallarla təltif edilibdir.

2020-ci ilin sentyabr ayının 27-də düşmənin əks hücum əməliyyatında iştirak etmiş, bir çox əməliyyatlarda cəsurluq göstərmiş Ramin Əliyev sentyabrın 30-da Vətən uğrunda Suqovuşanda şəhid olur. Özündən sonra Amin, Dünyamin adında övladlarını yolunda şəhid olduğu Vətəəmanət edir.

Ömrünün 22 ilini Vətənə sədaqətlə xidmət etmiş şəhidin həyat yoldaşı əslən Ağdamdan olan Natiqə xanımla redaksiyada apardığım söhbətdən anladım ki, Ramin peşəsini çox sevmiş, hərbi geyimi ilə fəxr etmiş və Vətənin xidmətində olmağı özünə böyük şərəf bilirmiş. Həyat yoldaşı  ötən günlərdən fəxrlə  yana-yana danışdı:

“Raminlə bağlı xatirələrimi danışdıqca bitib tükənməz. 2015-ci ildə onunla ailə həyatı qurmağıma baxmayaraq sanki uzun illərin yol yoldaşı olmuşuq. Belə cəsur, qorxmaz, mərd insanın həyat yoldaşı olmaq mənim üçün böyük xoşbəxtlik idi. Heyif ki, sevincim uzun sürmədi. Ramin ailəcanlı, vətənpərvər insan kimi oğlu Dünyaminin ad günündə Azərbaycanın Dövlət Himnini səsləndirəndə necə də sevinirdi. O, oğluna kiçik yaşında Vətəni sevməyi, qorxmaz olmağı tövsiyyə edirdi. Azacıq vaxtını  həmişə ailəsi ilə keçirməyə can atırdı. Raminin acı xəbəri sinəmə dağ çəkdi. Vətən yolunda qurban gedən şəhidimlə həmişə  qürur duyacağam.

Doğulduğum Ağdam qədər Astara da mənə əzizdir. Çünki Ramin bu gözəl diyarda doğulub. Raminlə bağlı xatirələrim ömrüm boyu onu mənimlə birgə yaşadacaq. Oğlu körpə Dünyamini onu kimi vətənpərvər böyütməyə çalışacağam”

44 gün Vətən Müharibəsində cəmi 3 gün döyüşmüş böyük fədakarlıq etmiş, cəsurluq göstərmiş şəhid Ramini dünyaya gətirən Zibeydə ana oğlunu göz yaşları ilə yad etdi. Nələr duyulmurdu bu acı göz yaşlarından; qəm, qüssə, iztirab, əzab… Dərdli ananın yanıqlı-yanıqlı ağlaması o qədər dəhşətli idi ki, bu kövrəkedici mənzərə qarşısında elə sükuta dalmağa yetdi.

Ramin Əliyevi yaxından tanıyanlar, döyüş dostları ondan fəxrlə danışırlar. Bakı şəhər icra hakimiyyətində məsul vəzifədə çalışan Süleyman Fətəliyev yazır:

    “2014-cü ildə Ramin Əliyevlə tanış olmuşam. Əsgər oğlum Cavidin komandiri kimi onunla ilk tanışlığım mənə xoş təsir bağışladı. Hər dəfə oğlumun yanına gedəndə Raminlə görüşüb dərdləşirdik. Mütəmadi görüşlərdən aramızda səmimi münasibət yaranmışdı. Sentyabrın 27-də Raminlə əlaqə yaratmaq istədim, alınmadı. Çox narahat oldum, elə onu düşündüyüm zaman gözləmədiyim halda Raminin Suqovuşanda şəhid olduğunu eşitdim və çox təsirləndim. Ramin Əliyevin yoxluğu ilə Azərbaycan vətənpərvər oğlunu, əsgərlər səmimi, qayğıkeş komandirini, Ordumuz cəsur, qorxmaz döyüşçüsünü itirdi. Ramin kimi oğullar heç zaman unudulmayacaq,daima qəlblərdə fəxrlə yaşadılacaq.”

Kapitan Çingiz Həsənov:Ramin Əliyevi 2017-ci ildən tanımışam.Səmimi,mehriban ,dostsevən insan kimi yaddaşımda qalıb.Vətən Müharibəsində qumbaraatan komandiri kimi güclü döyüşçü idi.O,Suqovuşanın azad olunmasında görə  şəhidliyə qovuşdu.Ondan qalan xatirələr igid,cəsur Ramini həmişə bizə xatırladacaq. Ruhu şad olsun!

  Şəhidin hərbiçi yoldaşı baş gizir  Valeh Aslanov: “Raminlə uzun müddət xüsusi təyinatlı dəstədə bir yerdə olduğumuzdan yaxınlığımız, dostluğa çevrilmişdi. O, necə dəyərlər canlara dəyən oğlan idi. O, qayğıkeş, səmimi, tikəsini yoldaşı ilə yarı bölən, hər kəsin hörmətini qazanmağa çalışan, peşəsinə qəlblə bağlı insan idi.

Onun ehtiyata buraxılmağına az qalmışdı. Amma o tərəddüd edir, “Sənin də vaxtın bitsin, bir yerdə peşəmizlə vidalaşarıq”,- deyirdi. Raminlə Aprel döyüşlərində bir yerdə olmuşuq. Döyüşlərdə özü, şəxsi maşını zədə alsa da, fərqinə varmadan, heç kəsə bildirmədi. Cəsur, fədakar hərbçi Vətənini çox sevirdi və özünə yaraşan yolu – şəhidliyi seçdi.Dostlarına, yaxınlarına, iş yoldaşlarına şəhidliyi ilə əlvida dedi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ramin Muxtar  oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gülnar Əsədli