Ötən il Astara rayonunda mövcud 4 min 816,6 hektar meyvə bağlarından 56 min 061,3 ton və ya 2020-ci ilə nisbətən 17 faiz çox məhsul yığılıb. Meyvə bağlarının 4 min 179,2 hektarını, yaxud 86,8 faizini sitrus və subtropik meyvə bağları təşkil edib.

Bu barədə Astarainfo.az -a Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, son 2 ildə rayonda 296,6 hektar, o cümlədən 2020-ci ildə 123,8 hektar, 2021-ci ildə isə 172,8 hektar yeni sitrus meyvə bağları salınıb. Bu bağların 12,2 hektarını feyxoa, 14,3 hektarını limon, 19,6 hektarını portağal, 118,8 hektarını naringi, 7,9 hektarını sair meyvələr təşkil edir.

Diqqətə çatdırılıb ki, son 5 ildə rayonda olan sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 82,9 faiz artıb. Məhsul istehsalı isə 23,6 faiz artaraq 53 min 448,3 tona çatıb. İstehsal olunan sitrus və subtropik meyvələrinin 6 min 979 tonunu feyxoa, 2 min 074,9 tonunu limon, 3 min 990,9 tonunu portağal, 40 min 242 tonunu narıngi, 161,5 tonunu digər meyvələr (kinkan və qreypfrut) təşkil edib.