Mədəniyyət naziri Anar Kərimov Astarada vətəndaşların qəbulundan sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.
Mədəniyyət Nazirliyindən Astarainfo.az-a bildirilib ki, Anar Kərimov əvvəlcə rayon Mərkəzi Kitabxanası ilə tanış olub, ona kitabxananın fəaliyyəti, kitab fondu barədə ətraflı məlumat verilib.
Sonra Astara şəhər Oqtay Kazımi adına Uşaq Musiqi məktəbinə baxış keçirilib. Qeyd olunub ki, 1966-cı ildən fəaliyyət göstərən məktəbdə 54 nəfər müəllim çalışır, müxtəlif ixtisaslar üzrə 228 şagird təhsil alır.
Nazir Astara Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Məlumat verilib ki, 1980-ci ildə yaradılan muzeyin fondunda ümumilikdə 7980 eksponat var, onlardan 2129-u daimi ekspozisiyada nümayiş olunur.
Anar Kərimov Astara məscidini də ziyarət edib. Bildirilib ki, XIX əsrə aid tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Məscid binası bişmiş kərpicdən inşa olunub.
Səfər çərçivəsində nazir Astara şəhərindəki kilsə binasına da baş çəkib. Məlumat verilib ki, 1880-ci ildə inşa edilən kilsə binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.
Anar Kərimov daha sonra Astara rayon Mədəniyyət Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, 1960-cı ildə yaradılan rayon Mədəniyyət Evi 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin nəzdində “Sevinc” mahnı və rəqs ansamblı, “Gənclik” instrumental ansamblı fəaliyyət göstərir.
Sonra nazir Astara Dövlət Rəsm Qalereyasına da baxış keçirib. Bildirilib ki, 1979-cu ildə təşkil edilən qalereyada təsviri sənətin müxtəlif növlərində əsərlər toplanıb. Rəsm dərnəyində uşaqlar sənətin sirlərini öyrənirlər.
Anar Kərimov Astara rayon Mədəniyyət Mərkəzində yerli mədəniyyət işçiləri ilə görüş keçirib.
Görüşdə diqqətə çatdırılıb ki, nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması prioritet məsələdir. Regionlara səfərlərin əsas məqsədi də yerlərdəki müəssisələrin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyən etmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin əsas prioritet və məqsədləri barədə məlumatlandırmaqdır. Bu xüsusda qarşıda duran vəzifələrdən bəhs edən Anar Kərimov mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə rayonun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Nazir problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.