Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Pensərkəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

Çıxış edənlər rayon icra hakimiyyəti başçısının pandemiyadan sonra yenidən onların görüşünə gəlməsini, söylənən problem və təkliflərə həssaslıqla yanaşaraq operativ həllinə tapşırıqlar verməsini böyük diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Respublikada mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı dövlət tədbirlərinin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən razılıqla danışaraq, bu diqqət və qayğıya görə ölkə başçısına hədsiz minnətdarlıqlarını bildirmişlər. Sakinlər Pensər kənd 2 saylı tam orta məktəbin dam örtüyünün və kənd ara yollarının əsaslı təmirini xahiş etmişlər.

İcra başçısı ulu öndər Heydər Əliyevin bizə yadigar qoyduğu müstəqil Azərbaycanımızın cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə durmadan inkişaf etdiyini, bütün sahələrdə uğurlar qazanıldığını bildirərək,  bu inkişafın gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, rayonumuzda, o cümlədən Pensər kəndində də xeyli iş görülmüşdür. Pensər çayında sahilbərkitmə işləri aparılmış, kənddaxili əsas yollar asfaltlaşdırılmış, elektrik təsərrüfatı yenidən qurulmuş, küçələr işıqlandırılmış, kəndin mərkəzində Qələbə parkı salınmışdır. Bu işlərin görülməsində kənd sakinlərinin, ziyalıların xüsusi fəallığını qeyd etməliyəm. Buna görə hər birinizə təşəkkürümü bildirirəm. Pensər kəndi tarixi və ziyalı kənddir. Bu ənənə bu gün də davam edir. Pensər kənd məktəblərində təhsil alanlar həm vətənpərvər, həm də yüksək savada, mənəvi dəyərlərə malik olmaları ilə fərqlənirlər. Bu kəndin bir neçə gənci birinci və ikinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş, bəziləriqazi kimi qayıtmışdır. Onlar ən yüksək hörmət və ehtirama layiq gənclərimizdir. Biz böyük Zəfəri də məhz belə qəhrəman oğullarımızın sayəsində qazandıq. Onların göstərdikləri şücaət heç vaxt unudulmayacaq.

Hər il onlarla Pensərli gəncin Respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunması da sevindiricidir. Bu məktəbin şagirdi olan  HüseynovSalman Zaman oğlunun ABŞ-nın Massaçusest Texnologiya İnstitutunun təqaüdünü qazanması isə xüsusilə qürurvericidir. Bu Salmanın  timsalında bir azərbaycanlı gəncin dünya miqyasında qazandığı uğurdur. Bu münasibətlə Salman balamızı, məktəbin bütün pedaqoji kollektivini,  valideyni, həm də müəllimi olan Zaman müəllimi təbrik edirəm, yeni təhsil uğurları arzulayıram. Hesab edirəm ki, dövlətimizin, ölkə rəhbərinin yüksək diqqət və qayğısıyla əhatə olunan təhsil müəssisələrimizdə Salman kimi gənclərin sayı daha da artacaqdır.

İcra başçısı ölkədə həyata keçirilən sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmış, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.