Başını dik tut, şəhid anası!

Qardaşxan müəllim və Gülnarə ilə Bakı Dövlət Universitetində eyni vaxtda oxumuşuq. Gülnarə əslən Bərdə şəhərindəndir. Tələbə ikən universitetin coğrafiya fakültəsində oxuyan həmyerlimiz Qardaşxanla tanış olmuş, bir-birlərinə könül vermişlər. 1988-ci ildə tələbə həyatı başa çatandan sonra Gülnarə rayonumuzun Burzubənd kəndinə gəlin köçmüşdür. Artıq 33 ildir ki, bu kənddə yaşayır. Burzubənd kənd tam orta məktəbində kimya fənnini tədris edir. Deqədi kəndində müəllim işləmiş Qardaşxanın mehribanlığı, təmkinliyi, qayğısı onu bu torpağa elə bağlayıb ki, sanki burada doğulubdur. İnsafən, Gülnarə də sadə təbiəti, sakit xarakteri ilə həyat yoldaşına həmişə dəstək olubdur. Taleh onlara üç qız iki oğlan bəxş edəndə çox sevinir və xoşbəxt həyat yaşayırlar.

1993-cü ildə Gülnarənin qardaşı Müşfiq Birinci Qarabağ müharibəsində şəhid olur. Bu yanğının yarası qaysaqlanmamış 2012-ci ildə yeznəsi Vüqar qəza nəticəsində dünyasını dəyişir. Gülnarə bu ağır dərdlərlə yaşamağa məcbur olsa da səhhətində problemlər yaranır. “Dərd gələndə batmanla gəlir” deyiblər. 2020-ci ildə oğlu Rövşən Vətən müharibəsində şəhid olanda ona həmişə dəstək olmuş həyat yoldaşı xiffətdən qəflətən yatağa düşür. Oğlunun qırxı çıxmamış Qardaşxan ailəsini, xüsusən Gülnarəni qəm karvanı ilə baş-başa qoyur həyatla vidalaşır.     Tələbə yoldaşımın ağır dərd yükünü qəlbindən bir qədər boşaltmaq arzusu ilə onunla görüşməyə tələsdim.

İri gözləri dərd-kədərə bələnmiş Gülnarə məni görcək kövrəldi və biz bir-birimizə sarılaraq ötən illərin həsrətini çıxardırmış kimi ağlayıb, sızladıq və stol çəkib lal dinməz oturduq. Haçandan-haçana Gülnarə dərindən köks ötürərək söhbətə başladı:

– Rövşənin qara xəbəri bizi yaman günə qoydu. Oğlumu torpağa tapşırandan bir iki gün keçəndən sonra Qardaşxan səni arzuladı ki, gəlib oğlumuzdan yazasan. Ona çox bağlı idi. Amma elə oldu ki, Rövşənimdən sonra  özü də bizi tərk etdi. Şəhid qardaşımın, cavan yeznəmin yanğısı sönməmiş oğlumun, mənə qəribliyi heç hiss etdirməyən Qardaşxanın ölümü ağır zərbə vurdu. Bilmirəm, bu ağır dərdləri necə daşıyacağam.Yaxşı ki,məni ovunduran Lənkəran dövlət universitetinin məzunu oğlum Səbuhi mənimlədir…

Üz gözündən kədər süzülən tələbə yoldaşıma necə təsəlli olacağamı düşünərkən ani olaraq ürəyimdən  keçəni söylədim. “Başını dik tut, şəhid anası, Azərbaycan şəhid oğlunla və qardaşınla qürur duyduğu kimi sən də onlarla öyünməlisən.”

Rövşən Ramazanov 1995-ci ildə aprelin 14-də Burzubənd kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra valideynlərinə dəstək olaraq təsərrüfat işlərini öz öhdəsinə götürür. Ailəyə bağlı, mehriban, zəhmətkeş övlad kimi qonum-qonşunun da hörmətini qazanır. 2013-cü ildə hərbi xidmətə çağırılan Rövşən vətənə olan borcunu ona sadiq bir övlad kimi başa vurur.

Vətən müharibəsi başlananda evdə oturmağı qeyrətinə sığışdırmayan Rövşən elə hey “ Məni nə vaxt çağıracaqlar ” deyirmiş. Bir gün dözə bilməyib könüllü orduya getməyi düşünür. Oktyabrın 9-da evdən ayrılır. Ağcabədidə təlim keçərkən anası ilə danışan zaman Gülnarə Ağcabədinin adını eşidəndə ürəyi sıxılmağa başlayır. Çünki qardaşı da orada təlim keçmiş və Ağdamın Güllücə kəndində şəhid olmuşdur. Rövşənin ailəsi ilə axırıncı danışığı oktyabrın 26-da olur.

Oktyabrın 27-də Xocavəndə  “ Qırmızı bazar ” qəsəbəsində Rövşəngilin taboru səhər  düşmənə güclü zərbə endirirlər. Bir neçə saatdan sonra düşmən minamiyotundan açılan mərmilərin partlamasından ağır yaralanan Rövşənin həyatını xilas etmək mümkün olmur.O,şəhidlik məqamına yüksəlir.

Dərdli ananı, bacını, həyat yoldaşını itirən qadını kədərlər içində qoyub ayrılmaq istəyərkən “Gülü, ürəyində bir diləyin varmı?” deyə soruşdum. O, danışmağa çətinlik çəksə də sıxıla-sıxıla “Rövşənimin oxuduğu məktəb adını daşısa bəlkə bir təsəlli taparam” söylədi.

Rövşən  Qardaşxan  oğlu Ramazanov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, Fizülinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə “ medalları ilə təltif edilib.