Ocağının çırağını yandıracaqdı…

 Əbdülov Elnur Qədir oğlu 2002-ci il aprelin 23-də Şümrüd kəndində   anadan olub .Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. İgid əsgər xidmətdə olarkən Vətən müharibəsinə qatılıb və döyüşlərdə cəsurluğu ilə seçilib.

Cəsur əsgər Əbdülov Elnur Qədir oğlu 28 sentyabrda Murovdağ istiqamətində gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalıb.Şəhidin nəşi 2 oktyabrda Sipyəpart kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yazgül ana oğlu Elnurla bağlı xatirələrindən uzun-uzadı danışmadan yalnız “həyatdan nakam getmiş balamın həsrətinə dözə bilmirəm” deyəndə qəhər boğazına tıxandı. Qəlbi qubarlı ananın qırıq-qırıq söhbətindən öyrəndim ki, Elnur 4 bacısının yeganə qardaşı, ailənin əziz xələfi imiş. Sözə baxan, ağıllı, təsərrüfatı yola verən övlad kimi valideynlərinə etiqad edib. Xoş rəftarı ilə özünə hörmət qazanıb. Hələ uşaq ikən özünə taxtadan  müxtəlif cür silahlar düzəldərmiş. Çünki böyüyüb hərbçi olmaq arzusu ilə yaşayırdı. Evin yeganə oğlu olduğuna görə anası onu bir qədər erkən bəyəndiyi qızla nişanlayır. “Əsgərlikdən qayıdandan sonra toyunuzu edərik bala” ,-deyir. Amma həyat Yazgül ananı onun gözləmədiyi fəlakətlə üz-üzə qoyur. Ümidləri puça çıxmış ana bu gün karıxmış vəziyyətdədir. Təsəllisini oğluna nişanladığı qızdan tapır. Balasının naxışı pozulmuş ana ömrünün 47-ci baharını yaşayır. “Elnurumu itirəndən sonra yaşamağımın nə mənası var”?- deyir ana.

Şəhidin atası Qədir isə oğlunun son dəfə yazdığı məktubundan söz açır:

  • Oğlum həmişə deyərdi ki, gələcəkdə özümü tanıdacaq və siz də mənimlə fəxr edərsiniz. O,müharibədə olanda bizə heç nə danışmazdı. Sentyabrın 24-də mənə zəng edib, pul göndərməyimi istədi. Ayın 26-da pulu göndərmək istəyəndə komandiri dedi ki, ehtiyac yoxdur, zəhmət çəkməyin. Düzü, təəccübləndim,amma heç nə anlamadım.

Elnur şəhid olandan sonra döyüş yoldaşları, komandiri bizə gələndə Elnurun müharibəyə gedən zaman yazıb qoyduğu məktubu gətirmişdi. Balamın məktubunu oxuyan hər kəs kədərləndi. Baxın, oğlum nə yazır: “Salam atam, anam. Bilirsiniz, müharibə başlanıb, mən də döyüşlərə gedirəm. İnşallah, Qarabağı azad edəndən sonra görüşərik. Özünüzdən,bacılarımdan muğayat olun. Siz bilirsiniz ki, oğlunuz vətənpərvərdir”. Elnur məktubun sonunda onu da qeyd edir ki, “Məktubum kimin əlinə keçsə, valideynlərimə çatdırsın”.İnanın ki, Vətən üçün canını qurban verən, heç zaman valideynlərinin üzünə ağ olmayan, onların həmişə hörmətini saxlamış oğlumla bu gün fəxr edirəm.

Atası söhbət zamanı onu da xatırlatdı ki, Elnur körpə ikən  sağalmaz xəstəliyə tutulub. Bir çox xəstəxanalarda olublar. Heç birindən Elnurun xəstəliyinə çarə tapılmayıb. Ümidlərini üzən valideynlər, çarəsiz qaldığı zaman kənddəki yaşlı bir qadın uşağı təbii otlardan hazırladığı məlhəmlə sağaldır.

Məntiqə gəlincə deməli, Elnur o zaman dünyasını dəyişsəydi yalnız əzizləri üzülərdi. Bu gün isə “gələcəkdə  ad çıxardacağam” söyləmiş Elnur hər kəsin qəlbində əbədi ucalıq heykəlinə dönüb.

Ölümündən sonra Vətənin igid oğlu Əbdülov Elnur Qədir oğlu Prezident İlham Əliyevin Sərəncamına əsasən  “III dərəcəli Rəşadət” ordeni“Vətən uğrunda” və “Cəsur döyüşçü “ medalları ilə təltif edilib.