Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar ölkənin bütün bölgələrində olduğu kimi Astarada da silsilə tədbirlər keçirilmişdir. Rayonun ümumtəhsil məktəbləri, Astara Pedaqoji Kolleci, idarə və müəssisələrində keçirilən yığıncaqlar, elmi-praktiki konfranslar, intellektual oyunlar, müsabiqələr, idman yarışlarında məktəblilər, tələbələr və ictimaiyyətin fəal nümayəndələri həvəslə iştirak etmişlər.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda  rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Ulu Öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Onun yürütdüyü məqsədyönlü siyasət, müstəqil dövlətimiz üçün müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyası əslində Azərbaycanımızı Böyük Zəfərə aparan yol idi. Güclü iqtisadiyyat nəticəsində dövlətin gücləndirilməsi və güclü ordunun formalaşdırılması Dahi Liderin arzularını reallaşdırdı. Azərbaycan öz tarixi torpaqlarına qovuşdu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabrında zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu erməni quldurlarını  darmadağın edərək işğal altındakı torpaqları  düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”-deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Bu Qələbə  Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.

Bu bir daha sübut etdi ki, Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycanı qurtuluşdan sabitliyə, sabitlikdən tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolu əmin əllərdədir!

Rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində dünya şöhrətli Azərbaycanlı Dahinin ömrünün müxtəlif anlarını əks etdirən, o cümlədən Astara rayonuna səfərlərini əks etdirən tarixi fotolarla tanış olmuşlar.

Dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə Astaraya 11 dəfə səfər etmiş, Astara və astaralılar haqqında xoş və səmimi fikirlər söyləmişdir. Ulu Öndərimizin dediyi “Astara Azərbaycanın coğrafi xəritəsində, Azərbaycanın ictimai-siyasi həyatında, Azərbaycanın iqtisadiyyatında özünəməxsus yer tutur”, “Mən məmnuniyyətlə qeyd edirəm ki, müstəqil Azərbaycanın həyatında astaralılar çox əhəmiyyətli rol oynayırlar, öz tarixi vəzifələrini yerinə yetirirlər və Azərbaycanın dövlətçiliyinin inkişaf etməsi yolunda böyük xidmətlər göstərirlər” və digər müdrik sözləri astaralılar tərəfindən həmişə sonsuz iftixar və minnətdarlıq hissi ilə xatırlanır.

Astaralılar ümummilli lider dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.

Heydər Əliyev Mərkəzində tədbir iştirakşıları Ulu Öndərin mənal ömür yolundan bəhs edən filmi izləmişlər.