Torpaq uğrunda ölən varsa Vətəndir!

Vətəni sevmək imandandır(Məhəmməd Peyğəmbər s)

Azərbaycanın ərazi bütövlüyü uğrunda I-II Qarabağ müharibəsində 122 astaralı qəhrəmanlıq dastanını yazmışlar.

Aşağıdakı bölümdə 44 günlük Vətən müharibəsində rəşadətli orumuzu təmsil edərək şəhidlik zirvəsinə ucalmış 41 şəhiddən və bir gözünü Vətənə qurban vermiş üç cəsur eloğlumuzdan sizlərə danışacağıq.

Hər istəyinə nail olan şəhid

Şəhid ailələri ilə  görüşmək, dərd-sərinə şərik olmaq, yanğılarını duymaq, yaşantılarını azacıq da olsa yaşamaq çox çətindir. Axı şəhidlərin hər kəsin üzərində haqqı var. O böyük haqqı ödəmək, kimliyindən asılı olmayaraq hamımızın  mənəvi borcudur. Prezidentimiz şəhid ailələrinə necə qayğı göstərirsə, biz də əlimizdən gələni əsirgəməməliyik.

Bir cümə axşamı hərbi fəaliyyəti, şəxsiyyəti dillərdə dastan olmuş  şəhid polkovnik-leytenant  Nail Rafail oğlu Orucovun ailəsi ilə görüşdüm. Bu ailədən əxz etdiyim təəssürat bir yazar kimi könlümü oxşadı, qəlbimdə naxışlı duyğular oyatdı. İncə ruhlu Nigar xanım və üç oğlu Ruslan, Əlihəsən, və İbrahimlə  söhbətimiz maraqlı keçdi. Şəhid ailəsini xarakterizə etmək niyyətində deyiləm. Sadəcə onu deyim ki, hər istəyinə nail olmuş Nail Orucovun ailəsindən  onun kimliyi, şəxsiyyəti bəlli olur. Ömrü boyu haqq uğrunda cihad etmiş Şeyx Şamilin təbirincə desək “ Əvvəl ailə, sonra qonşular”…

Şəhidin tərcümeyi-halını Nigar xanım beləcə açıqladı:

“Nail 1978-ci ildə iyunun 11-də Məscidməhəllə kəndində çoxuşaqlı, zəhmətkeş  ailəsində anadan olub. Elə məktəb illərində hərbçi olmağı qarşısına məqsəd qoyur. 1992-ci ildə Qapçıməhəllə kənd orta məktəbinin IX sinfini bitirəndən sonra Cəmşid Naxçıvanski adına liseydə təhsilini davam etdirir. 1995-ci ildə isə Bakıda Ali Birləşmiş Komandanlıq məktəbinə daxil  olur. 1999-cu ildə Taktiki Motoatıcı Qoşunları ixtisası üzrə təhsilini tamamlayır və “N” saylı hərbi hissədə zabit motoatıcı tağım komandiri olaraq fəaliyyətə başlayır. Hərbi işdə özünü həmişə doğruldan Nail sonralar müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri və hərbi hissədə komandirin maddi texniki təminat üzrə müavini vəzifələrində çalışaraq polkovnik-leytenant rütbəsinə qədər ucalıb.  Nailin qəlbi həmişə Vətən eşqi ilə döyünüb. Elə əsl vətənpərvər olduğuna görə canı qədər sevdiyi Vətən yolunda özünü qurban verdi.”

Nigar xanım gözləri yaşarsa da iftixaredici tərzdə danışdığı zaman birdən susdu. Sonra stolun üstündəki şəkillərə baxıb, xəyala daldı. Onun fikrini yayındırmaq, söhbətə yenidən körpü qoymaq üçün ailə həyatından danışmağını xahiş etdim. O, haçandan-haçana köks ötürüb sözə başladı:

“Mən Rusiyada – Volqoqradda doğulmuşam. Özümdən sonra kiçik qardaşım var. Valideynlərimlə orada yaşadığımdan orta, sonra pedaqoji texnikumu orada bitirmişəm. Bütün gənc qızlar kimi mənim də xəyallarım olub. Həmişə arzulayırdım ki, xarakteri möhkəm, ciddi, ali təhsilli, mərd, elini obasını sevən, valideynlərinə hörmətlə yanaşan bir şəxslə ailə həyatı qurum. Allahımdan çox razıyam. İstəyimi verdi. Nail məndən dörd yaş böyük idi. Xoşbəxt yaşayırdıq. O harada çalışırdısa mən də onunla hərbçi həyatı keçirirdim. Gədəbəy, Nasoslu (Sumqayıt), Mingəçevir, Ağdam, Fizuli də mənə doğma diyardır. Hərbçinin həyat yoldaşı olmaq heç də asan deyil. Demək olar ki, son ana qədər onun etimadını doğrultdum. Çalışdığı rayonlarda Nailin necə hörmətli şəxsiyyət olduğunu görüb, onunla fəxr edirdim.

2016-cı ildə çox sevdiyi, can-başla xidmət etdiyi hərbi qulluq müddəti başa çatdı və ehtiyata buraxılanda Aprel döyüşləri baş verir. Yaxşı xatırlayıram, Nail onda necə narahatlıq keçirirdi, döyüşdə iştirak etmədiyinə görə özünü qınayırdı. Yaxşı ki, döyüşlər uzun sürmədi. Bilirsiniz, bu insan necə deyərlər, anadan hərbçi, Vətən üçün doğulmuşdu. Tovuz hadisələri zamanı yaşadıqlarının canlı şahidiyəm. Axırda dözə bilməyib, özünü qeydiyyata saldırdı. Komandiri olmuş Polad Həşimovun, yaxın dostu Murov qartalı Raquf Orucovun ölümü onu sarsırtdığından  “onların qisasını almadan rahat olmaram” deyirdi. Arzusuna da çatdı. Sentyabrın 28-də etdiyi müraciətə əsasən ona çağırış vərəqəsi gəldi. Dediyim kimi o, ailəsini sevdiyi qədər Vətənini sevirdi. Mən ona “getmə” deyə bilməzdim. Bir-birimizə olan etibarı itirərdik. Həmin unudulmaz gecə bizi başına yığıb, nəsihətlərini, tövsiyələrini dedi. “Bu gediş əvvəlki gedişə oxşamır, sənə güvənib gedirəm, uşaqlardan, özündən muğayat ol” deyəndə  özümü saxlaya bilməyib ağladım. Uşaqlara isə “Mən olmasam da ali təhsil alarsınız, diplomlarınızı məzarımın başına gətirərsiniz”- deyib onları qucaqladı. Sentyabrın 29-da sübh tezdən bizimlə vidalaşıb ayrıldı. Ürəyimə damdı ki, Nail vida vəsiyyətini etdi.

Bizimlə tez-tez əlaqə saxlayırdı, yalnız “darıxmayın” deyərdi, amma qardaşlarına bizi tapşırardı. Nail hər istəyinə nail olub. Şəhidliyi arzuladı Allah da verdi.

Ölümündən sonra bizi telefonla arayıb-axtaran əsgərləri yana-yana yazdıqlarını paylaşırlar. Baxın, nə yazırlar:“Kombatımızı heç zaman unutmarıq, onun rayonda 3, burada 350 övladı var idi. Ailəsinə qarşı necə sadəqətli idisə bizi də eləcə sevirdi”, “Ana konbatımız üçün Quran oxutdur, ruhu şad olsun”, “Qızğın döyüşlər gedirdi, Qubadlı uğrunda zirvə döyüşlərində şəhidlər verdik, arada sakitlik olanda, kombat yanıma gəlib, “bir qurtum suyun olarmı” deyəndə azacıq qalmış suyumu ona içirtdim. “Bu ki mədəmə yetmədi” deyib güldü, sonra ayağa durub mövqeyimizi dəyişməyi əmr verdi. Zirvədə yanan meşə üstümüzə gəlirdi. Birdən minamyot düşəndə “yatın” deyib özünü bir əsgərin üstünə atdı. Onu xilas etdi. Toz-duman içində “Ya Allah” deyən bir səsə tərəf getdim. Bizə atalıq edən, hər an qoruyan komandirimiz əli alnında qan içində idi. Gülümsəyirdi və  bu gülüşlə bizimlə vidalaşdı. Sanki demək istəyirdi ki, qələbə olacaq və çox güləcəksiniz.”

Tabeliyində olan əsgərlər və döyüş yoldaşlarının  bizi arayıb, axtarması təsəlli verməsi, Nailin necə hörmətli şəxsiyyət olduğunu bir daha göstərir. Nailgilin dəstəsi elə olub ki,onlarla  kilometr yol qət edib. Batinkasını 17 gün ayağından çıxarmağa imkan olmayıb. Bütün bunları sonradan bilmişəm. Bizə son vida sözü oğlu Ruslanla danışan zaman “Evimizin qapısında bayraq asın, qayıdacağam” oldu. O sözünə əməl etdi,  çox sevdiyi üç rəngli bayraqlı tabutda evinəqayıtdı.  

Oktyabrın 31-da şəhid olan Nail, noyabrın 1-də torpağa tapşırıldı. O gün onunla vidalaşmağa çox adam gəlmişdi. Həyəcandan həmin gün ürəyimi boşalda bilmədim. İndi demək istəyirəm ki, Nail əzizim, sən Vətəni canından əziz tutdun və ona qurban getdin. “Sənə güvənib” deyib əmanət etdiyin övladlarını yolunda fəda olduğun Vətən üçün layiqli vətəndaş kimi yetişdirəcəyəm. Rahat uyu!”

44 günlük Vətən müharibəsində fədakarcasına döyüşmüş qəhrəman həmyerlimiz Cəbrayıl, Hadrut, Füzuli və Qubadlının azad edilməsində qeyri-adi sücaət göstərib.42 yaşında Qubadlıda Qanlı Təpədə şəhidlik məqamına yetişən qorxmaz, vətənpərvər, son damla qanına qədər döyüşən , düşməni məhv edən , görünməz fədakarlıq göstərmiş Nail Orucovun şəhər 2 saylı tam orta məktəbində oxuyan övladları hərbçi, hərbi təyyarəçi, həkim olmaq arzusu ilə  yaşayırlar. Gözəl diləklərdir. İnanırıq ki, 44 günlük Vətən müharibəsində könüllü iştirak edən və qəhrəmancasına döyüşüb şəhid olan  polkovnikin soyadını daşıyan övladları ataları kimi gələcəkdə vətənimizi layiqincə təmsil edəcəklər.

Nail Orucovun qardaşı Razail Nailin ailəcanlı, vətənpərvər əsl hərbiçi olmağından ağızdolusu danışdı.

Şəhidin  qapıbir qonşusu Nurəddin müəllim isə polkovniki belə xatırladı:

-“ Nail şəxsiyyət kimi yaddaşıma həkk olunub. Qarşılaşanda az, lakin mənalı söhbəti insana xoş təsir bağışlayardı. Noyabrın 1-də onunla vidalaşmağa gələnlərin sayı bilinmirdi. Şəhidin doğulduğu həyətdə əlində atasının şəklini tutmuş balaca İbrahimin baxışlarında  sanki “əmi siz deyirdiniz ki, atam qayıdacaq amma qayıtmadı” kimi oxunan fikirlər adamı yandırıb-yaxırdı.

Haqqın dərgahına qovuşan şəhidimiz zaman-zaman xatirələrdə yaşayacaq”.

Nail Orucov vətənə sədaqətlə xidmət etdiyi dövrdə çoxlu fəxri fərmanlar, diplomlar, mükafatlar almış, “Qüsursuz xidmətlərə görə 2-ci, 3-cü dərəcəli və “Azərbaycan Silahlı Qüvvələrinin 95-illiyi” yubiley medallarla təltif edilib. Ömür vəfa qılsaydı medalların sayı ilə yanaşı rütbəsi də artardı.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən polkovnik-leytenant  Nail Rafail oğlu Orucov ölümündən sonra “Azərbaycan Bayrağı Ordeni”, “Vətən uğrunda”, “Qubadlının azad edilməsinə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Həyat qəribəliklərlə doludur, 3 il ərzində həyat yoldaşının, taleyikəm qızını, oğlunu itirən qəlbi qubarlanmış, ağlamaqdan gözlərinin nuru itmiş Töhfənisə ana oğlu Nailin məhəbbətinə nəvazişinə sığınarkən qəfil əsən bəd külək sevimli balasını əlindən alır. Onu ömürlük qəm dəryasına qərq edir.

İllər ömürləri naxışlayır. Amma əzizlərini vaztsız itirmiş insanların yaraları qaysaq bağlasada nə vaxtsa onları danışdıranda necə deyərlər bir himə bənd imiş kimi boğazı qəhərlənir, gözləri yaşarır.

Bu gün Töhfənisə ananın dərdinə şərik olmaq istəyərkən o hər kəsə Allaha səcdə etdiyi balaca stolu göstərir “oğlum Nailin əl işidir, namazdan ötrü mənim üçün düzəldib. Bu quru taxtadan sanki balamın əllərinin qoxusunu duyuram” deyəərk kövrəlir.

Bəli, 10 yaşında ana nəvazişindən məhrum olmuş Töhfənisə xanım hardan biləydi ki, onu gələcəkdə daha böyük acı yaralar gözləyir…

Haqqa qovuşan qəhrəmanın adı əbədiyyətə qədər qəlblərdə yaşayacaq! Əslində Töhfənisə ana xoşbəxt insandır ki, Nail kimi oğul yetişdirib, Vətənə ismarladı.

Əziz şəhidim, uşaqlığını, yeniyetməliyini yaşadığın Məscidməhəllə səninlə qürur duyur ki, sən o torpaqdan Vətənə boylanmısan, Vətən yolunda şəhid olmusan.

S.A. Astara şəhərində vətən aşiqinin evinə gedən yol şəhidin adını daşıyır.