Ötən əsrdə şərqdə ilk mətbu orqanın yaradılması onun təşəbbüskarı, naşiri Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda Milli Mətbuatın təməli qoyuldu. “Əkinçi” rəmzi ad daşısa da, əslində xalqın maariflənməsində, onların cəhalətdən, nadanlıqdan uzaqlaşmasında böyük tərbiyəvi əhəmiyyət kəsb etmişdir. 56 nömrəsi işıq üzü görmüş “Əkinçi” öz fəaliyyəti ilə hətta beynəlxalq nüfuz qazanmışdır.
Öz millətinin gələcəyini düşünən Həsən bəy Zərdabi Çar senzurasının təqiblərindən cana doysa da, xeyirxah məsləki uğrunda yorulmadan çalışırdı. O, Qafqazda azərbaycanca hürufat olmadığından İstanbuldan onu satın alıb gətirirdi ki, qəzetin fəaliyəti dayanmasın.
“Əkinçi”nin naşiri ümid edirdi ki, yalnız bu qəzet vasitəsilə nadan xalqın içində maarifçilik idealarını yayar, öz işıqlı istəyinə nail ola bilər.
Əsrlər öncə Çar Rusiyasının tabeliyində olan Azərbaycanda “Əkinçi”nin həyata gəlişi o dövr üçün əlbəttə ki, böyük fədəkarlıq olmaqla yanaşı, cəsarətli bir addım idi. Təəssüf ki, “Əkinçi” təqiblərdən canını qurtara bilmədi və bağlandı. Amma onun işıqlı yolu gələcək nəsilləri aydınlığa çıxartdı.
Azərbaycanın ilk mətbu orqanından sonra işıq üzü görmüş “Molla Nəsrəddin” kimi maraqlı, böyük əhəmiyyət kəsb edən jurnalların, qəzetlərin nəşr olunması Azərbaycanın mətbuat tarixində mühüm dönüş yaratdı.
Böyük ədib Həsən bəy Zərdabi olduqca çətin, sıxıntılar içində qəzetin çap olunmasına nail olurdu. Azərbaycana qonaq gəlmiş fransız müxbiri onun çətin vəziyyətdə qəzet çıxartdığını görüb söyləmişdir: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz, görünür siz xalqınızı çox sevirsiniz”
Bəli, bu sözlərdə böyük həqiqət vardır. Həsən bəy Zərdabi millətini, Azərbaycan xalqını dərin məhəbbətlə sevdiyindən belə bir fədakar addım atmışdır. Mədəni tariximizdə silinməz izlər qoymuş “Əkinçi” barədə ulu öndər Heydər Əliyev demişdi:
“Bütün Qafqazda əks-səda doğuran “Əkinçi”nin naşiri, redaktoru, korrektoru da Azərbaycanın Milli Maarifçilik hərakatının banilərindən biri – təbiətşünas alim Həsən bəy Zərdabi idi.
Qəzeti ərsəyə gətirməkdə Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Öz dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi”nin səhifələrində öz maarifçi və demoqratik iddealarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər”.
Zəngin tarixi olan Azərbaycan Mətbuatı bu gün vətəndaş cəmiyyəti quruculuğunda demokratiyadan mühüm vasitə kimi çıxış edir.
Mətbuatın ulu sələfi yaşa dolduqca xələfi milli mətbuatımız da inkişafa doğru addımlamaqdadır.
“Qəzet hər vilayətin aynasıdır” söyləmiş Həsən bəy Zərdabinin “Əkinçi”si ondan sonra işıq üzü görən mətbu orqanlara böyük və müsbət təsirini göstərmişdir.
Dövlətimiz yenidən müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi milli mətbuat sahəsində də, canlanma, dirçəliş yaranmışdır. Bu gün çoxlu sayda fəaliyyət göstərən region qəzetləri arasında tarixi olan qəzetlərdən biri də “Astara”dır. Qəzet fəaliyyət göstərdiyi illər ərzində milli mətbuatımızın zəngin ənənələrini məsuliyyətlə davam etdirmiş, rayonun, eyni zamanda respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında baş vermiş hadisələrin işıqlandırılmasında mətbu sözünün təsir gücündən lazımınca istifadə etmişdir.
Rayonun aynası olan “Astara” 1932-ci ildən indiyədək müxtəlif adlarla- “Ostoro Kolxozçu”, “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə çıxmış 1991-ci ilin oktyabr ayından isə “Astara” adı ilə nəşr olunur.
İllər ötdükcə qəzetin adları dəyişilsə də, amalı heç zaman dəyişilməmiş, onun səhifələrində zamanla səsləşən oxucu marağı qazanan, oxunaqlı yazılar dərc olunmaqdadır.
Regionda ilk olan qəzetin xəbər saytı – “Astarainfo.az” öz fəaliyyəti ilə rayonun və respublikanın ictimai-siyasi həyatında baş verən hadisələrin işıqlandırılmasında mühüm rolu vardır.
Enişli-yoxuşlu həm də çox maraqlı yol gəlmiş “Əkinçi”nin bu il 147 yaşı qeyd olunur. Milli mətbuatımızın qaranquşu “Əkinçinin” yaradıcısı, nasiri bu qəzetin yaşanmasında fədakarcasına çalışmış ulu sələfim Həsən Bəy Zərdabinin irsi bu gün biz jurnalistlər üçün dəyişilməz əmanət, gözəl ərməğandır. Hər bir jurnalistin bu əmanəti qəlbinin atəşi, qələminin kəsəri ilə hifz etməyə mənəvi haqqı vardır. Jurnalist ulu sələfindən öyüd götürməklə onun kimi düzü-düz, əyrini-əyri işıqlandırmağa çalışmalıdır. Eyni zamanda hər bir fərd özünü “vilayətin aynası” olan qəzetdə görməli, həqiqətin işıqlandırılmasına öz töhfəsini verməlidir.
Həsən bəy Zərdabi öz dövründə ümid verən gənclərə deyirdi: “Ey elm təhsil edən cavanlarımız… Ləzzəti dünyayə tamah etməyin, öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın… Siz millət üçün zəhmət çəkirsiniz və gələcəkdə millətin gözü açılanda sizi şəhid bilib sizə rəhmət oxuyacaqlar”.
“Əkinçi”nin başqa bir nömrəsində oxuyuruq: “Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhədində bir daş qoydurub onun üstündə zikr olunan həcvi tamam qazdırın ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti – islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm”.
“Əkinçi”dən sonra işıq üzü görən “Həyat”, “İrşad”, ”Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Sovqat”, “Azərbaycan”, “Hümmət”, “Molla Nəsrəddin” kimi qəzet jurnalların ömrü qısa olsa da onlar maarifçilik idealarının yayılmasında xalqın cəhalət yuxusundan ayılmasında müsbət rol oynamaqla “Əkinçi”nin layiqli xələfləridir.
Tarixi zəngin “Astara” ulu kökünə – “Əkinçi”yə söykənərək dövlətçiliyə sadiq həqiqət carçısı kimi aydınlı sabahlara doğru irəliləməkdədir.
Əziz həmkarlarım sizləri – sələfimiz Həsən bəy Zərdabinin layiqli xələfləri, Milli Mətbuatımızın yaranması günü münasibəti ilə təbrik edir jurnalist etikasına xələl gətirmədən yalnız hər zaman həqiqəti yazmağı tövsiyyə edir və xoş arzularımı bildirirəm.
Qoy, müqəddəs qələmimiz həmişə kəsərli olsun!

Gülnar Əsədli
Jurnalist, publisist