Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şəvqo kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən biridir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu kənddə əhali ilə görüşünü sakinlər sevinclə qarşılamışlar.  

İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, nümayəndəliyin digər kəndlərində vaxtaşırı görüşlərimiz olsa da burada ikinci görüşümüzdü. İlk görüşümüz üç il əvvəl olmuşdur. Kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. İlk görüşümüzdən ötən müddət ərzində bu problemlərin hər üçü birgə səylərimizlə həllini tapmışdır. Lakin, məlum pandemiya səbəbindən görüşə bilmirdik. Şükür ki, çətin, sıxıntılı günlərimiz arxada qalıb. Bu gün sizinlə yenidən görüşə gəlmişik. Görüşməkdə məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır.

Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil Azərbaycanımızın inkişafı, dünyada tanıdılmasından sevinclə danışmışlar. Son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər eləcə də icra başçısına belə ucqar bir kəndə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kəndə gələn avtomobil yolunun genişləndirilməsi, mövcud ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə köməklik göstərilməsi barədə təkliflər vermişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, məsələlərin aktuallığını önə çəkərək həlli üçün çalışacağını vurğulamışdır.  

Bildirmişdir ki, kəndin əsas problemləri həllini tapsa da mərkəzdən xeyli uzaqda dağlıq ərazidə yerləşdiyinə görə təbii ki, yerli şəraitə uyğun müəyyən problemləri və çətinlikləri də vardır. Bunlar da tədricən həllini tapacaqdır.

Ölkəmiz güclü inkişaf yolundadır. Digər qlobal məsələlərlə yanaşı ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin rifahının yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirir. Son illər bu ərazilərdə görülən işlər dediklərimizə sübutdur. Bu cür sosial layihələrin icrası bundan sonra da davam edəcəkdir. Bunlar hamısı dövlətimizin gücünü göstərir.

İcra başçısı İkinci Qarabağ Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun zəfər yürüşündən danışaraq düşmən üzərində şanlı qələbənin bu inkişafın, xalqla rəhbərin sarsılmaz birliyinin nəticəsi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, mənfur düşmənin 30 il işğalda saxladığı torpaqlarımızı qəhrəman əsgər və zabitlərimiz cəmi 44 günə azad etdilər. Bu gün şanlı bayrağımızın işğaldan azad edilən doğma torpaqlarımızda dalğalanması bizə şərəf və qürur verir.  

Bütün bunların Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyinin, yorulmaz fəaliyyətininparlaq təzahürü olduğunu diqqətə çatdıran icra başçısı, xalqımızın sarsılmaz birliyi sayəsindədövlətimizin bundan sonra daha da güclənəcəyini, ən ali məqsədlərə çatacağını əminliklə söyləmiş, görüş iştirakçılarını Azərbaycanımızın daha da qüdrətlənməsi naminə ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, çağırmışdır.