Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə ehtiram əlaməti olaraq 27 sentyabrın Respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. 

Anım Günü ilə əlaqədar Astara rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhərin mərkəzində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş,  xatirə lövhəsinin önünə əklil qoymuşdur. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri tərəfindən şəhid lövhələrinin önünə qərənfillər düzülmüş, xatirələri ehtiramla yad edilmişdir.  

Sonra icra başçısı Qəzənfər Ağayev şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşmüşdür. Görüşdə çıxış edən natiq qeyd etmişdir ki, 27 sentyabr tarixi bizi zəfərə aparan tarixdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimizin tarixidir. Bu tarix 44 günlük Vətən müharibəsinin başlanğıc tarixidir. Əslində rəşadətli Azərbaycan Ordusu mənfur düşmənə qarşı əks-hücum əməliyyatına başlayanda xalqımızda böyük  inam yaranmışdı ki, tezliklə qələbə qazanacağıq. Çünki zaman-zaman xalqımıza qarşı qanlı terrorlar, genosid törətmiş erməni quldurlarının başını əzmək üçün tarixi fürsət yaranmışdı.  

Tarixə baxanda ermənilər daim bizə qarşı torpaq iddiasında olublar. Fürsət yaranan kimi tarixi İrəvan torpağından, Göyçədən, Dərələyəzdən, Vedibasardan, Zəngəzurdan min zülmlə soydaşlarımızı deportasiya ediblər. Bunlarla kifayətlənməyərək 1988-ci ildən başlayaraq doğma Qarabağ torpağına iddia ilə terrorlar törətdilər. Xarici havadarlarının yaxından köməkliyi ilə soydaşlarımıza fəlakət yaşadaraq vəhşicəsinə doğma yurdlarından didərgin saldılar. Yenicə müstəqillik qazanan respublikanın rəhbərliyində heç bir idarəçilik təcrübəsi olmayan, naşı, xəyanətkar qüvvələr təmsil olunurdu. O vaxtlar da qəhrəman oğullarımız Vətən, torpaq  uğrunda savaşa qalxdılar. Lakin vahid komandanlığın olmaması böyük itkilər və faciələrlə nəticələndi. Xalqımız müsibətlərə düçar oldu, böyük torpaq itkisi ilə üzləşdi.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişi ilə anarxiyaya, xaosa son qoyuldu. Bütün dövlət strukturu yenidən quruldu. Digər sahələrlə yanaşı ordu quruculuğu sahəsində böyük işlər görüldü.

Ölkə Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə böyük diplomatik uğurlara imza atıldı. Cənab Prezident uzaqgörən siyasəti ilə bütün beynəlxalq aləmin diqqətini Azərbaycanın haqq işinə yönəldərək işğala məruz qaldığına inandıra bildi. Eyni zamandaAzərbaycanda sivil, modern ordu quruculuğu işi sürətlə davam etdirildi. Vətən Müharibəsindəki qələbəmizi məhz Müzəffər  Ali Baş Komandanın rəhbərliyi ilə qurulan bu Müzəffər Ordumuz təmin etdi. Müharibənin gedişində qəhrəman oğullarımız düşməni döyüş meydanında əzdiyi kimi, xalqımızın dəmir yumruqtək birliyinin simvoluna çevrilən Prezidentimiz,  Ali Baş Komandan İlham Əliyev də diplomatik və informasiya savaşında təmkinli, cəsarətli  çıxışları ilə düşməni siyasi meydanda məğlub edərək ölkəmizə təzyiqlər cəhdinin qarşısını müvəffəqiyyətlə aldı. 

2020-ci ilin 27 sentyabr tarixində Vətənin müdafiəsinə qalxan qəhrəman oğullarımız düşmənə ölümcül zərbələr endirərək qısa müddətdə erməni quldurlarını ağır məğlubiyyətə uğratdılar. Rəşadətli Ordumuz təcavüzkar, işğalçı, qatil Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına 44 günə işğaldan azad edərək şanlı tarix yazdılar.

Azərbaycan xalqı bu şanlı qəhrəmanlıq salnaməsi ilə özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Zaman-zaman verdiyimiz şəhidlərin qisası alındı. İşğaldan azad edilən bütün tarixi torpaqlarımızda şanlı bayrağımız dalğalandırıldı.

Alçaldıcı məğlubiyyətlə barışmaq istəməyən düşmən yenə də mənfur niyyətindən əl çəkmir. Bir müddət əvvəl, avqust ayının əvvəllərində ermənilərin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı ilə erməni  quldurları bir daha dəmir yumruğun zərbəsi ilə qarşılaşdılar. Bundan lazımi nəticə çıxarmayan düşmən qüvvələr 12-13 sentyabrda sərhəd boyu daha geniş ərazidə təxribat törədərkən igid oğullarımızın güclü müqaviməti nəticəsində canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qaldılar. Ordumuz bütün sərhəd boyu ən strateji yüksəklikləri ələ keçirdi. Təəssüf ki, bu döyüşlərdə şəhidlərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə, Vətənin keşiyində duran əsgər və zabitlərimizə can sağlığı versin. Allah Müzəffər Ali Baş Komandanımızı qorusun.

Mən əminliklə deyirəm ki, cənab Prezident, məğlubedilməz Sərkərdəmiz İlham ƏliyevinMüzəffər Ordumuzun sayəsində şanlı bayrağımız bütün Azərbaycan torpağında əbədi olaraqəzəmətlə dalğalanacaqdır.