Vladimir Putin Ukraynada rus ordusu tərəfindən ələ keçirilən Xerson və Zaporojye vilayətlərinin qondarma müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.
Astarainfo.az Yeniavaz.com-a istinadla xəbər verir ki, sentyabrın 23-27-də Ukraynada rusiyapərəst separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Rusiya ordusu tərəfindən ələ keçirilən Xerson və Zaporojye vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilib.
Kremlin sözçüsü Dmitriy Peskov cümə günü Kremldə yeni regionların Rusiyaya birləşdirilməsi ilə bağlı imzalanma mərasiminin keçiriləcəyini və Rusiya prezidenti Vladimir Putinin bu barədə çıxış edəcəyini açıqlayıb.
Putinin imzaladığı fərmanlarla Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin qondarma müstəqilliyini tanıyıb. Xatırladaq ki, Rusiya daha əvvəl fevralın 21-də Donetsk və Luqanskdakı separatçı hökumətlərin qondarma müstəqilliyini tanımışdı.
Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın Ukraynada referendumun keçirildiyi bölgələrin Rusiyaya qoşulması qərarı ilə bağlı açıqlama verib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclas keçirəcəyini və bəzi qərarların veriləcəyini qeyd edən Zelenski, “Rusiyanın istənilən hərəkətinə necə reaksiya verəcəyimizi bilirik” deyib. Milyonlarla ukraynalının Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün mübarizə apardığını bildirən Zelenski bunları qeyd edib:
“Sabah mübarizəmizin başqa bir günüdür, qələbəyə gedən yolda başqa bir gündür. Bu, bizi təhlükəsizliyə və sülhə, ərazi bütövlüyümüzün bərpasına yaxınlaşdıracaq daha bir gün olacaq. Rusiya Ukraynanın yeni hissəsini özünə ilhaq etməyəcək. Ölkəmizin işğal olunmuş ərazilərinə gətirdiyi fəlakətə Rusiya özü də qoşulacaq”.
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində təşkil etdiyi referendumların “tamamilə yalan” olduğunu bildirib və Rusiyanın Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt tanımayacaqlarını açıqlayıb.
“ABŞ Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək. Bu qondarma referendum tamamilə yalandır. Referendumun nəticələri Moskvada hazırlanıb ” – Bayden deyib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanı “bu bölgələrin ilhaqı ilə bağlı qərara görə” qınayıb və Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində təşkil etdiyi referendumların “hüquqi dəyərinin” olmadığını bildirib.
Quterreş qeyd edib ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən təhdid və ya güc tətbiqi yolu ilə ilhaq edilməsi BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.
BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) beş daimi üzvündən biri olan Rusiyanı BMT Konvensiyasına hörmət etməyə dəvət edən Quterreş Moskvanı bu qərardan geri çəkilməyə çağırıb.
Rusiyanın bundan sonra atacağı mümkün addımın sülh ümidlərini daha da təhlükəyə atacağına işarə edən Quterreş, qərarın qlobal iqtisadiyyata, xüsusilə də inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərəcəyini bildirib.