Baba Əhməd oğlu Qasımov 1989-cu il noyabrın 1-də Ərçivan qəsəbəsində anadan olub.Üç bacının yeganə qardaşı,evin sonbeşiyi olan Baba orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır.Vətən qarşısında borcunu yerinə yetirərkən gələcək taleyini müəyyənləşdirir.Ordudan tərxis olunandan sonra -2014-cu il iyunun 17-də müddətdən artıq hərbi xidmətdə fəaliyyətə başlayır.2016-cı ildə Aprel döyüşlərində uğurlu fəaliyyəti ilə fərqləndiyinə görə medallarla təltif edilir.
Təcrübəli hərbçi Vətən müharibəsində işğal altında olan ərazilərin düşməndən azad edilməsində də fədakarcasına döyüşüb.Oktyabrın 21-də Qubadlıda qızğın döyüşlər gedən zaman şəhidlik zirvəsinə ucalıb.
…O gün özünü çox xoşbəxt sanırdı. Bütün gənc qızların arzuladığı kimi o da yaraşıqlı, ağıllı oğlana nişanlanmışdı. Amma Günayın xəyalına gəlməzdi ki, sevib, könül verdiyi Baba bir gün onunla vidalaşmadan onu əbədi tərk edəcək.
Gənc yaşında həmsirdaşını itirmiş Günayla söhbətimizdən :
– Baba mehriban, ailəcanlı idi. Uşaqlarını çox sevərdi. On il əvvəl onunla ailə quranda özümü necə bəxtəvər sanırdımsa, bu gün isə Vətən yolunda həlak olmuş şəhidimlə qürur duyuram. Əslində “şəhid” sözünü onun dilindən tez-tez eşidirdim. Çünki özü bilirdi ki, şəhid olacaq. Bir dəfə “Günay, şəhid olsam, ağlamayasan ha !” sözünü zarafat sanmışdım. Bu gün ruhu inciməsin deyə ağlayıb, fəryad etmədən qismətimlə barışıram. Babanın əmanətləri – yaşca bir-birindən fərqli üç körpəmə qayğı göstərməklə günlərimi başa vururam. Sonbeşiyim körpədir, o, hələ atasının yoxluğunu hiss etmir. Bəzən elə ağlayır ki, qəlbimi ağrıdır, düşünürəm ki, yəqin gözləri atasını axtarır.
Babanın çalışdığı hərbi hissə kirayələdiyimiz evə yaxın olduğundan o, imkan tapan kimi evə gələr, uşaqları ilə əylənərdi. Övladlarını gələcəkdə həkim görmək arzusu ilə yaşayan Babanın istəyini həyata keçirməyə çalışacağam. İnanıram ki, onlar böyüyəndə Vətən yolunda şəhid olmuş ataları ilə fəxr edəcəklər.
Bir payız günündə Babanı dünyaya gətirmiş və payızda da onu itirmiş Gülşən ana deyir ki, “sonbeşiyimi itiməklə həyatım bitib. Əzizləyə-əzizləyə böyütdüyüm balamın indi şəkillərindən, xatirlərindən təsəlli tapıram. Övladları yanımda olsa idi, o qədər də darıxmazdım. Məndən uzaqda olduğundan üzlərini doyunca görməyə həsrət qalmışam”.
Ərçivanda “Qəzəndaş” türbəsində torpağa tapşırılmış Babanın məzarını tez-tez ziyarət edən qəddi əyilmiş ataya təsəlli verməyə söz tapmadığım üçün yalnız “Allah səbr versin” deyərək köks ötürdüm.
Son videosunda “Mən şəhidəm,şəhid sizi salamlayır” söyləmiş Vətən oğlu görünür bu uca zirvəni əzəldən arzulayırmış…
Ömrünün 31-ci ilində Vətən yolunda canını fəda edən Azərbaycan ordusunun giziri Baba Qasımov ölümündən sonra Azərbaycan Respublika¬sının Prezidentinin Sərəncamı ilə ,”III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və ”Xocavəndin azad olunmasınagörə” medalları ilə təltif edilib.