Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir.

Zəfər Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev,  hüquq mühafizə orqanlarının rəhbərləri Astara şəhərində Zəfər Parkını ziyarət etmişlər. Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərinin əziz xatirəsi yad edilmiş, qeyd olunmuşdur ki, bu gün Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 2-ci ildönümüdür. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları şaddır. Hər birimiz qalib ölkənin vətəndaşları kimi böyük fəxarət hissi yaşamaqdayıq. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən savaşı dünya hərb tarixinə düşən və şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən qürurverici səhifəsidir. Azərbaycan xalqı öz liderinin, cənab Prezident İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək ona olan böyük inamını, sevigisini və Vətənə olan dərin məhəbbətini nümayiş etdirdi.

Bu gün həsrətində olduğumuz torpaqlara qovuşmuşuq və erməni vandallarından azad olunmuş hər bir qarış torpağımız cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən qurulur və çiçəklənir. Ata-baba torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı öz yurduna qayıtmağın böyük sevincini yaşayır.  

Qeyd olunmuşdur ki, cənab Prezident İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları orden və medallarla təltif olunmuşlar.

Bu Sərəcama əsasən Astaramızın da qəhrəman oğulları Rəhmanov Samiq Rizvan oğlu, İbrahimov İlqar Elçin oğlu, Quliyev Tərlan Mehman oğlu, Eyvazov Rəşad Babək oğlu, Zeynalov Sadiq Kamal oğlu, Hacıyev Kənan İmran oğlu, Feyziyev Əli Malik oğlu, Cahangirov Rauf Xəyyam oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Qurbanzadə Cəmil Anar oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunmuşlar.

Tədbirdə Zəfər Günü ilə əlaqədar hazırlanmışvideo çarx, kompozisiya, rəqs və mahnılar, sərgilənən rəsm əsərləri maraqla qarşılanmışdır.

Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatacaqdır.