2001-ci ilin noyabrın 17-də Hacıyevlər ailəsində ilk oğlan uşağı dünyaya gələndə onların sevinci yerə-göyə sığmır. Adını Kənan qoyaraq qismətini, ömür payını Allahdan diləyirlər. Gün-günə, ay-aya calanır. Ailədə əzizlənən Kənan böyüyür yaşa dolur. O, məktəbdə əxlaqlı, qabiliyyətli olmağı ilə bir çox yaşıdlarından fərqlənir.
Motlayataq kənd tam orta məktəbin məzunu Kənan Hacıyev 2020-ci ilin yanvarın 24-də hərbi xidmətə yola düşür. Füzulinin Alxanlı kəndində xidmət edərkən iblis xislətli nankor ermənilərlə üz-üzə olduğundan onların Azərbaycan xalqının övladlarının başına gətirdikləri müsübəti, birinci Qarabağ müharibəsini yadına saldıqca düşmənə nifrəti daha da artır.
Vətən müharibəsi başlananda Kənan da döyüşlərdə iştirak edir. O, Füzulinin Seyidəhmədli və Xocavəndin kəndlərinin alınmasında igidlik göstərir.
Vətən torpaqları uğrunda gedən döyüşlərin ilk günündə evdəkilərlə əlaqə saxlayan Kənan, onlara “darıxmayın hər şey yaxşı olacaq” deyib. Qızğın gedən döyüşlərdə cəsurluq göstərdiyinə görə manqa rəhbərindən, döyüş yoldaşlarından təriflər, alqışlar eşidir. Kənan döyüş zamanı onlarla düşməni məhv edir. Ermənilərə tərəf qışqıraraq “sizə çox divan tutaca¬ğam” demiş olsada o, Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 6-da düşmən snayperindən açılan güllədən başından yaralanaraq müqəddəs Vətən torpağını qucaqlayaraq əbədiyyətə qovuşur.
Vətən aşiqindən əzizləri uzun müddət xəbər tuta bilmədikləri üçün intizarla yolunu gözləyirlər. Sanki Vətən torpağı da onun uğrunda şəhid olmuş igiddən ayrılmaq istəmirdi. Nəhayət, uzun həsrətdən sonra 19 yaşlı Kənanın müqəddəs nəşi doğulduğu ocağa qayıdır. Qələbə müjdəsini eşitmək arzusu ilə yaşamış Kənan düşmənin tamamilə diz çöküb məğlub olduğu gündə kənd qəbristanlığında torpağa tapşırılır. Taleyini yazan Allah seçilmiş qulunun arzusunu çin edir. Onu qələbə müjdəçisi kimi ağuşuna alır.
Bəli,“şəhidlər ölməz, Vətən bölünməz deyilir”. Həyatdan nakam getmiş Kənan kimi yüzlərlə qəhrəmanımız Vətənin bölünməzliyi uğrunda ölümsüzlüyə qovuşdular.
Şəhidin anası Fərqanə xanımın dediklərindən:
– Övladım olduğuna görə demirəm Kənan sözün həqiqi mənasında qorxmaz, cəsur, bacarıqlı, gülərüzlü övlad – oğul idi. Yadımdadı, aşağı sinifdə oxuyarkən tək başına odun üçün meşəyə getmişdi. Odun doğrayarkən balta ilə ayağını kəsir. Çoxlu qan itirsədə haray-həşir salmadan özünə ilk yardımı göstərir. Sonra qardaşı onun dalınca gedib, evə gətirdi. Kənan o hadisədən sonra zəiflədiyindən çox narahat oldum. Amma şükürlər olsun ki, Allah onu mənə yenidən qaytardı. Qaytardı ona görə ki, vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqla arzusuna çatsın. Axı o, Pəncəli Teymurovun şəhadətinə həmişəqibtə edər “adama belə adlı-sanlı ölüm qismət olsun” deyərdi. Çox istərdim ki, oğlumun uşaq ikən oxuduğu Anboba ibtidai ümumi məktəb balamın adını daşısın.
Bəli, nişan mərasimini, toy cadırını görməyən Kənana şərəfli ad – şəhidlik nəsib olmaqla, arzusu həyata keçir.
Ölümündən sonra Kənan İmran oğlu HacıyevPrezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”,”Füzulinin azad edilməsinə görə”,”Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.