Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Siyasi dialoqun çox güclü dinamizmi var;

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir.Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk;

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdibeynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir;

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar;

Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğmatorpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır;

İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var – qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri;

Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər;

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır;

Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir;

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər;

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq – son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.