İran İnsan Haqları Təşkilatı (İHR) son bir həftədə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində təxminən 40 nəfərin həyatını itirdiyini və nümayişlərin başladığı gündən bu yana həyatını itirən nümayişçilərin sayının 378-ə yüksəldiyini açıqlayıb.
Astarainfo.az xəbər verir ki, ölkədəki 31 əyalətdən 25-i ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi bildirilib.
Sistan-Bəlucistan əyalətində 123, Tehran və Kürdüstanda 40, Qərbi Azərbaycanda 39, Mazandaranda 33, Gilanda 23, Elborzda 15, Kirmanşahda 14, Xuzistanda 9, Xorasan-ı Rəzəvi və İsfahanda hər biri 5 olmaqla Zəncan və Şərqi Azərbaycanda 3, Mərkəz, Qəzvin və Loristanda 2, Kohgiluyə və Boyer-Əhməd, Ərdəbil, İylam, Buşehr, Fars və Həmədan, Hürmuzgan, Simnan və Kirmanda da bir nümayişçinin öldüyü qeyd edilib.
Həyatını itirən nümayişçilərdən 47-nin yaşı 18-dən aşağı, 27-nin isə qadın olduğu bildirilib.
Qeyd edək ki, Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin vəfat etməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub.
Ölkəyə yayılan nümayişlərdə 50-yə yaxın polis əməkdaşının həyatını itirdiyi bildirilir.