Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunda ilin
yekun Aqrar İnnovasiya Festivalı keçirilmişdir. Festivalda Astara Rayon
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Kənd Təsərrüfatı
Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Aqrar İnnovasiya Mərkəzinin
direktoru Anar Cəfərov və digər rəsmilər iştirak etmişlər.
Kənd təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, digər tabeli
qurumları, beynəlxalq təşkilatlar, yerli və xarici şirkətlər, eləcə də digər
dövlət qurumlarının tərəfdaşlığı ilə keçirilən festivalda məhsul
istehsalçıları kənd təsərrüfat təyinatlı məhsul, avadanlıq və
texnologiyalarını nümayiş etdirmişlər.
“Astaraçay” emal müəssisənin ərazisində keçirilən festivalda
Lənkəran-Astara iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri, məhsul
istehsalçıları, aqroparkların nümayəndələri iştirak etmişlər.
Festival innovativ avadanlıq və texnologiyaların nümayiş olunduğu
sərgi, startap zona, təlimlər və məlumat sessiyası, dəyirmi masa kimi bir
neçə bölmədən ibarət olmuşdur.
Festival ərzində fermerləri maraqlandıran bir sıra prioritet məsələlər
üzrə məlumat sessiyası və təlimlər keçirilmişdir. “Sitrus meyvə
bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin
təşkili”, “Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili” təlimləri,
eləcə də “Kənd təsərrüfatında sığortalanan bitkilər” mövzusunda keçirilən
məlumat sessiyasında fermerləri maraqlandırılan suallar mütəxəssislər
tərəfindən cavablandırılmışdır.
Həmçinin festivalda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-
Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi
ilə bağlı keçirən dəyirmi masada Elmi-Tədqiqat İnstitutlarının və aqrar
sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin
iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı
ilə bağlı bir çox məsələlər müzakirə edilmişdir.
Festival ərzində regionlarda yaşayan gənclərin aqrar sahəyə
marağının artırılması məqsədilə “Kənd təsərrüfatı sahəsində ideya
sahiblərinə startap qurmağın əsasları” mövzusunda stimullaşdırıcı
workshoplar təşkil edilmişdir.
Regionlarda keçirilən Aqrar İnnovasiya Festivallarında fəal iştirakına
və dəstəyinə görə fərqlən şəxslər təşəkkürnamələrlə təltif olunmuşlar.
Qeyd edilmişdir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari
il ərzində Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli, Şəmkir
rayonlarında təşkil olunan festivallarda 4000-dən çox fermer müxtəlif
kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiya ilə tanış olmaq
imkanı əldə etmişlər.