Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər. Həm Serbiya, həm
Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir
və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir;
– İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay
Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət
üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan
sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt
itirmədən icra olunacaqdır;
– Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və
Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd
imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini
dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq;
– Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas
olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların
təzahürləri çox narahat edir;
– Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq;
– Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki,
Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da
uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir.
Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır;
– Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə
daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif
istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu
olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün
imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın
elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır;
– Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq
saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə
də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək;
– Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən
biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi
üçün praktiki addımların atılması da gözlənilir;
– Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə
olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.