Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kənd
sakini, Qarabağ müharibəsinin qazisi Samir Əliyevlə evində görüşmüş,
sağlamlığı və qayğıları ilə maraqlanmışdır.
Əliyev Samir Daşqın oğlu 1989-cu ildə rayonun Suparibağ kəndində
anadan olmuşdur. Ailəlidir, bir övladı var. 2019-cu ildən müddətdən artıq
hərbi xidmətçi kimi Azərbaycan Ordusunda xidmət etmişdir.
Cənab Ali Baş Komandanın əmrinə əsasən Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın
təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına ilk qatılanlar
sırasında döyüşlərə atılmış, yaşayış məntəqələrimizin işğaldan azad
edilməsində qəhrəmanlıqla döyüşərək ağır yaralanmışdır. Samir Əliyev
müəyyən müddət Azərbaycanda müalicə olunduqdan sonra YAŞAT
Fondunun dəstəyi ilə Türkiyə Respublikasına müalicəyə göndərilmişdir.
Vətən Müharibəsi qazisi Samir Əliyev cənab Prezidentin
Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad
olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad
olunmasına görə” azad edilməsi, “Vətən uğrunda” və “Cəsur döyüşçü”
medalları ilə təltif olunmuşdur.
İcra başçısı Türkiyədən uzunmüddətli müalicədən yenicə qayıtmış
Samir Əliyevə evində baş çəkmiş, qayğıları və sağlamlığı ilə
maraqlanmışdır. Qeyd etmişdir ki, xalqımıza qələbə sevincini bəxş edən
qəhrəman şəhidlərimiz və qazilər Azərbaycan xalqının ən cəsur, mərd
övladlarıdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə düşmənə sarsılmaz zərbələr endirməklə 44 günə onları ağır
məğlubiyyətə uğratdı. Bu tarixi qələbə ilə Azərbaycanın ərazi bütövlüyü
bərpa olundu. Bu zəfər rəhbərlə xalqın birliyi, qəhrəman əsgər və
zabitlərimizin Vətən sevgisi, əzmi, iradəsi və Ali Baş Komandana böyük
inamı nəticəsində qazanıldı.
Fəxr edə bilərsən ki, sən də düşmənin uzun illər ərzində qurduqları
müdafiə səddini yaran ilk döyüş əməliyyatının iştirakçılarından biri olmusan.
Sənin və digər qəhrəman oğullarımızın müharibədə göstərdiyi igidliklər heç
vaxt unudulmayacaq.
Qəhrəman döyüşçü Samir Əliyev keçdiyi döyüş yolundan,
yaralanmasından, qızğın döyüşlər gedərkən həkimlərimizin onu həyatda
saxlaması üçün fədakarlıqlarından danışmışdır. Qeyd etmişdir ki, Fizuli
şəhəri və yaşayış məntəqələrinin azad edilməsində qızğın döyüşlərdə
iştirak etmiş, Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə ağır
yaralanmışdır. İlkin tibbi yardımdan sonra 2021-ci ilin mart ayınadək Bakı
şəhərində müalicə almışdır. Həkimlərin məsləhətinə əsasən müalicəsini
davam etdirməkdən ötrü həmin tarixdən YAŞAT Fondunun xətti ilə Türkiyə
Respublikasına göndərilmişdir. Müvəqqəti Vətənə dönən Samir yaxın
günlərdə müalicəsini davam etdirmək üçün yenidən Türkiyəyə qayıdacağını
bildirmişdir.
Sağlamlığından qətiyyən narahat olmayan Samir, torpaqlarımızın
mənfur düşməndən azad edilməsində əməyi olduğuna hədsiz sevindiyini,
misilsiz qələbənin memarı Müzəffər Ali Baş Komandanla qürur duyduğunu
bildirmişdir. Müharibə iştirakçılarına olan yüksək dövlət qayğısından
razılıqla danışaraq müalicəsinə göstərdiyi köməkliyə görə cənab Prezident
İlham Əliyevə minnətdarlıq etmişdir.
Samir Əliyevin atası Daşqın kişi qazi və şəhid ailələrinə olan yüksək
diqqətə, həmçinin, övladının uzun müddətli müalicəsinə görə ölkə
Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edərək, oğlunu ziyarətə görə
icra başçısından razılıq etmişdir. Oğlu ilə fəxr etdiyini, torpaqlarımızın
mənfur düşməndən azad edilməsində iştirakından qürur duyduğunu
bildirmiş, Vətənin müdafiəsinin hər bir oğulun müqəddəs vəzifəsi olduğunu
söyləmişdir.
İcra başçısı Qəzənfər Ağayev Daşqın Əliyevə Vətən üçün ləyaqətli,
vətənpərvər övlad böyütdüyünə görə minnətdarlıq etmiş, igid döyüşçü
Samirə tezliklə sağlamlığına qovuşmağı arzulamışdır.