Əziz astaralılar!

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Astaranın inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu tarix ilk dəfə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuşdur. Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən edərək, belə bir günün təsis edilməsi və bayram kimi geniş şəkildə qeyd olunması barədə qərar qəbul etmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuşdur.  

Dahi liderimiz Heydər Əliyevin bu müdrik və uzaqgörən siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və soydaşlarımızın Azərbaycanla tarixi telləri daha da möhkəmləndirilmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaratdıqları diaspor təşkilatları səmərəli fəaliyyəti ilə seçililər. Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız xalqımızın uzunmüddətli ayrılığına son qoyulduğu 31 dekabr tarixini –  Milli Həmrəylik Gününü qeyd edirlər.

Müstəqillik yollarında inamlı addımlar atan Respublikamızın hər yerində sürətli inkişaf göz önündədir. Yola saldığımız hər bir il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olur. Azərbaycanın şanlı müstəqillik tarixinin uğurlu və əlamətdar ili kimi 2022-ci il çoxəsrlik tariximizə qovuşur.

Hazırda dünyada baş verən qlobal problemlərə, dağıdıcı müharibələrin yaratdığı soisal-iqtisadi çətinliklərə baxmayaraq, doğma Vətənimiz Azərbaycanda 2022-ci ildə də müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar il ərzində Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olan  Şuşamıza həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Əziz həmvətənlər!

Tarixə çevrilən 2022-ci il azğın düşmənlərin vəhşiliyi nəticəsində tamamilə dağıdılmış, viran qoyulmuş Qarabağ torpağında sürətli tikinti-quruculuq, bərpa işləri davam etmişdir.Azərbaycan xalqı öz liderinin – Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gücünü, mətinliyini, mübarizliyini müharibədə olduğu kimi, quruculuq işlərində də göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev hərb meydanında yenilməz sərkərdə, diplomatik cəbhədə böyük siyasətçi, ölkəsində yenilikçi, qurucu rəhbər olduğunu dünyaya nümayiş etdirir.

2022-ci ilin ən yaddaqalan hadisələrdən biri də 30 illik həsrətdən sonra soydaşlarımızın bir qismininZəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma yurdlarına qovuşması oldu. Faşist, quldur törəmələrinin viran qoyduğu xarabalıqlar üzərində ən müasir şəkildə yenidən tikilən Ağalı kəndinə qayıdış, əslində doğma Qarabağa böyük qayıdışın təməlidir.

Əziz astaralılar!

2022-ci ildə doğma Astaramızda da quruculuq və abadlıq işləri davam etmişdir.  Deqadi kənd ümumi orta məktəbi üçün tikilən yeni korpusistifadəyə verilmiş, Əzərüd kəndinə asfalt yol çəkilmiş, şəhər, qəsəbə və kəndlərdə ümumilikdə 7 kilometrdən çox yol asfaltlaşdırılmış, Şümrüd kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün tikilən 18 fərdi yaşayış evinin Diqo kənd ibtidai məktəb binasının tikintisi başa çatmaq üzrədir. Bundan başqa rayonda sahibkarlar tərəfindən müasir otellər, yaşayış binaları, çoxsaylı müxtəlif təyinatlı digər özəl müəssisələr tikilib istifadəyə verilmiş, bu işlər hazırda davam etdirilir.    

Biz Azərbaycanımızın dilbər guşəsi olan Astaranın daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf edəcəyik. 2023-cü ildə rayonda elektrik təsərrüfatının əsaslı təmiri, qazlaşdırmanın davam etdirilməsi və bir çox sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması üçün konkret və əməli tədbirlər görüləcəkdir. Əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə edərək ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik. Mən rayonumuzun bütün sakinlərinin fədakarlığını və işgüzarlığını yüksək qiymətləndirir və 2023-cü ildə daha böyük uğurlar qazanacağımıza inanıram.

Əziz astaralılar!

Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq arzulayıram! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Yeni iliniz mübarək!    

Qəzənfər Ağayev

Astara Rayon İcra Hakimiyyətinin başçısı