Zəngin və maraqlı qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonralar tikmə sənətinin bir növünə çevrilərək məişətdə özünə geniş yer tapıb.
Astarainfo.az AZƏRTAC-a istinadla  xəbər verir ki, qurama dekorativ məmulatlarının evlərin interyerinin ayrılmaz hissəsinə çevrilməsi bu sahə üzrə sənətkarların meydana gəlməsinə səbəb olub. Tikmə ustaları quramanın ənənəvi quruluş üsullarına sadiq qalaraq bu gün də parça qalıqlarını səbir və zövqlə toplayır, onları uyğun şəkildə birləşdirməklə sənət nümunəsi yaradırlar.
Belə sənət sahiblərindən biri Astara rayonunun Pensər kənd sakini Hicran Əhmədovadır. O, iyirmi ildən çoxdur müxtəlif parça hissələrinin birləşdirilməsindən yaranan, lakin artıq unudulmaqda olan qədim el sənəti – qurama ilə məşğuldur. Hələ kiçik yaşlarında həmkəndlisi Hacıbəyim Şabanovadan qurama sənətinin sirlərini öyrənən H.Əhmədova bu sənətin bütün incəliklərini mənimsəyib.
Müsahibimiz deyir ki, “Bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da, sonralar gözəl bir bədii sənətkarlıq növünə çevrilib. Qurama tikən zaman bütün problemlərimi unuduram, sanki ruhum dincəlir. Uzaqdan asan görünsə də, bu, diqqət tələb edən işdir. Bu işdə rəngli parçalardan daha çox istifadə olunur. Onları kəsib müəyyən formaya salıram. Sadəcə kəsim edərkən diqqətli olmalısan. Çünki ani bir diqqətsizlik bütün əməyi heç edə bilir. Üç günə tikdiklərim də var. Amma böyük əl işlərinin hazırlanması isə bəzən üç aya qədər vaxt alır”.
Üçüncü qrup əlil olan Hicran xanımın yaratdığı sənət nümunələri həm yerli, həm də beynəlxalq sərgilərdə, müsabiqələrdə nümayiş olunur. “2013-cü ildə Bakı Muzey Mərkəzində keçirilən dekorativ tətbiqi sənəti festivalında, həmin ilin martında Parisdə təşkil olunan Azərbaycan mədəniyyəti günlərində isə 5 əl işim nümayiş olundu. 2015-ci ildə Bakıda əlillərin IX sərgi-müsabiqəsinin qalibi olmuşam”, – deyə H.Əhmədova qeyd edib.
Tək bir iynədən istifadə olunmaqla yaradılan təkrarolunmaz sənət nümunələri bölgələrlə müqayisədə paytaxtda daha çox marağa səbəb olur. H.Əhmədova bu sənət nümunələrinin ölkəmizə gələn turistlərin də diqqətini cəlb etdiyini bildirir.
Hicran Əhmədovanın arzusu kənddə və ya rayon mərkəzində seçdiyi sənətin incəliklərini gənclərə öyrətmək üçün lazımi şəraitin yaradılmasıdır.