Narkomaniya, narkotik vasitə və psixotrop maddələrdən istifadə, onların istehsalı, satışı, törətdiyi fəlakətlər XXI əsrdə bəşəriyyətin varlığını və inkişafını təhdid altında qoyan qlobal problemlərdən biridir. Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır və çətinləşir. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir.

Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Belə ki, narkotika aludəçisi olan gənclər həmin vasitələri əldə etmək üçün bəzən öz evindən və digər yerlərdən oğurluq edir, ailə üzvlərini aldadaraq aldığı pulları narkotik vasitələrə xərcləyir, bəzən isə daha təhlükəli cinayətlər törədir. Ailə üzvləri və ətrafı ilə münasibətləri pisləşir, hər hansı peşə ilə məşğul ola bilmir, ciddi xəstəliklərlə üzləşir, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini reqressiyaya uğradır. Belə yeniyetmələrdə əqli və intellektual bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi, anlaqlı dərk etmə bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə olunur. Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir.

Böyük rus yazıçısı Lev Tolstoy yazırdı: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, digəri sağalmaz xəstəlik olan narkomaniyadır”. Narkomaniya  cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır.

Narkomaniyaya meyillilik artdıqca, onunla mübarizə daha da çətinləşir. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Müstəqilliyimizin ilk illərindən başlayaraq Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini görmüş, narkomaniya və narkobizneslə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsi olduğunu qeyd etmişdir. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” 1996-cı il 26 avqust tarixli Fərman və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hazırda dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda QİÇS xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artmışdır. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.

Bu bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar. Narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda cinayətkarlığın artmasına səbəb olur, narkotik tələbi yaranan şəxslər həmin vasitələri əldə etmək üçün müxtəlif növ cinayətlər törətməyə meyilli olurlar.

          Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Ardınca əsas məqsədi bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı və narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edildi. 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul olundu. Vurğulanmalıdır ki, dünyanı cənginə alan bu problemlə mübarizədə ulu öndər Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyasının fəaliyyəti müstəsna əhəmiyyət kəsb etmişdir.

            Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. 2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər geniş miqyaslı məsələlərdən ibarətdir.

Son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

         Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Prezident İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir. Bununla yanaşı, Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Azərbaycan Respublikası Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, xalqımızın qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır.  

    Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

Tərlan Həmidov
Astara rayon prokurorunun köməkçisi