Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Astara şəhərinin Giləkəran yaşayış massivində sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, şəhərin ayrı-ayrı ərazilərində görüşlərimiz tez-tez olur. Tərəfinizdən verilən təkliflər, qaldırılan məsələlərin çoxu həllini tapmış, digərlərinin icrası barədə tədbirlər müəyyənləşdirilmişdir. İndi isə yaşadığınız Giləkəran ərazisində görüşüb sizi dinləmək, problemlərlə tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəlmişik.
Rayon icra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, 17635 nəfər əhali yaşadığı Astara şəhərində ötən il xeyli quruculuq, abadlıq işləri görülərək, bir neçə küçənin yolları asfaltlaşdırılmış, küçə və səkilərdə, ictimai yaşayış binalarda təmir işləri aparılmış, müxtəlif təyinatlı yeni bina və obyektlər inşa edilərək əhalinin istifadəsinə verilmişdir.
Sakinlər çıxış edərək Astara rayonunda bütün sahələrdə inkişafın geniş vüsət almasını, xüsusən tikinti-quruculuq və abadlıq sahəsində görülən işləri yüksək qiymətləndirərək əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edən sakinlər şəhərin Giləkəran ərazisindən keçən avtomobil yolunda piyada xətlərinin rənglənməsi, Giləkəran qəbristanlığına gedən yolun asfaltlaşdırılması və elektrik xəttinin çəkilməsi, içməli su xəttində baş vermiş qəza nəticəsində avtomobil yolunun dağılmış asfalt örtüyünün təmir edilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi barədə təkliflərini vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarının arzu və təkliflərini dinləyərək qaldırılan bir çox məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdiriləcəyini bildirmişdir.
Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə, o cümlədən rayonumuzda insanların sosial rifahının yaxşılaşdırılması sahəsində görülən mühüm işlər barədə geniş məlumat verən icra başçısı təkcə şəhər ərazisində görülən işləri nəzərdən keçirəndə, insanda böyük iftixar hissi yarandığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda olduğumuz, cənab Prezidentin gənclərimizə böyük hədiyyəsi olan Astara Olimpiya idman Kompleksinin idman zalı da tamamilə yenidən qurulub. Burada gənclərimizin idmanla məşğul olması və müxtəlif növ beynəlxalq idman yarışlarının keçirilməsi üçün ideal şərait vardır. İnanıram ki, burada Azərbaycan Bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldıracaq idmançılar yetişəcəkdir.
Çıxışlarınızdan məlum oldu ki, ərazidə ciddi narahatlıq doğuran problemlər yoxdur. Cənab Prezidentin tapşırıqları ilə rayonumuzda böyük işlər görülüb. Rayonumuz yaradılan gözəlliklərlə hər gün simasını dəyişir. Park bulvar kompleksi ərazisində, Qamışobada müasir dizaynda yeni yaşayış evləri turizm obyektləri və hotellər inşa edilmiş, bu istiqamətdə işlər uğurla davam edir. Ən ucqar dağ kəndləri də daxil olmaqla bütün iri yaşayış məntəqələrinə gedən avtomobil yolları asfaltlaşdırılmışdır. Hələ çoxlu layihələr icra olunacaq. Turizm potensialına malik rayonumuzda yeni turizm obyektlərinin inşası üçün iş adamları dəvət etmişik. Gələcəkdə Astaradan Lənkəran şəhərinə qədər dənizkənarı ərazidə yeni layihələrin icrası nəzərdə tutulub.
Lakin qüdrətli dövlətimizin nailiyyətlərindən qıcıqlanan mənfur düşmənlər ölkəmizə qarşı çirkin təbliğat və təxribatlarından əl çəkmirlər. Son hadisə – səfirliyimizin əməkdaşının vəhşicəsinə qətlə yetirilməsi dediyimizə sübutdur.
Müzəffər Ali Baş Komandanımız, müzəffər xalqımız və qəhrəman oğullarımızın birliyi, rəşadəti ilə ikinci Qarabağ müharibəsində misilsiz qələbə qazanmağımızı, 44 gün müddətində mənfur düşmənin 30 illik işğalına son qoyulmasını həzm edə bilməyən fars molla rejimi ilə erməni terror dövləti nə qədər təxribatlar aparsalar da heç nəyə nail ola bilməyəcəklər. Onların bütün fəaliyyətləri diqqətlə izlənilməli, mövqe bildirilməli, ölkəmizə qarşı yönələn təhdidlər şiddətlə qınanmalıdır.
Qüdrətli dövlətimizin inkişafından ötrü cənab Prezidentimizin dünya miqyasında apardığı dolğun siyasətə dəstək olmaqla, ətrafında dəmir yumruq kimi birləşən xalqımızın birliyinin əbədi olmasından ötrü əlimizdən gələni etməliyik.