İlkin hesablamalara görə Astara  rayonunda fəaliyyət göstərən  müəssisə, təşkilat və fərdi sahibkarlar  tərəfindən iqtisadiyyatın  əsas sahələri üzrə  (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri)məhsul  buraxılışı və xidmətlərin    həcmi 2022-ci ildə  əvvəlki  illə müqayisədə 15,3 faiz artaraq 274384,3 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri  2456,6  manat  təşkil  etmişdir.

     Məhsul və xidmətlərin 40,2  faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 27,8  faizi ticarət; nəqliyyat vasitələrinin təmiri  sahələrində, 11,3  faizi  sənayedə,  18,0   faizi  tikintidə, 2,3  faizi  nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,4  faizi isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.

      Sənaye müəssisələri  və bu sahədə fəaliyyət  göstərən fərdi sahibkarlar  tərəfindən  2022-ci ildə  31142,5 min manatlıq  və ya 2021-ci  illə  müqayisədə  10,1  faiz  az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 27,4  faizi emal  sektorunda, 71,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə  su  təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda  istehsal olunmuşdur.

Sənayedə  qeyri-dövlət  sektorunun payı 27,4 faiz  olmuşdur.

    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsivə təchizatı sektorunda istehsalın həcmi 8,6 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  1,6 faiz  artmışdır.

İstehsal  edilmiş sənaye   məhsulunun böyük hissəsi   istehlakçılara göndərilmiş,  əvvəlki dövrlərdə  yaranmış  ehtiyatlar  da  nəzərə  alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2023-cü il vəziyyətinə 542,3  min manatlıq hazır  məhsul olmuşdur.

           Kənd təsərrüfatında  bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2022-ci ildə  dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 642 hektar  əkin sahəsindən 1844 ton  və ya 2021-ci illə  müqayisədə 15,0 faiz   az məhsul götürülmüşdür. Orta hesabla  hər  hektardan

28,7sentner məhsul yığılmışdır.  Bundan əlavə 188 hektar dən üçün qarğıdalı sahəsindən 588,8 ton məhsul toplanmış, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülmüşdür.

     2022-ci  ildə 29099,4 ton (1,2 faiz çox) tərəvəz, 7843,6 ton  və ya əvvəlki ilə nisbətən  3,4 faiz çox kartof, 4134,6 bostan məhsulları, 61765,7 ton (10,2 faiz çox) meyvə və  giləmeyvə, 662,5 ton (16,0 faiz  az)  yaşıl çay yarpağı  yığılmışdır.

     2022-ci ildə 3996,0  ton, yaxud  əvvəlki ilə nisbətən 0,7 faiz çox diri çəkidə  ət, 27896,0 ton (1,0 faiz  çox) süd, 11440,0 min ədəd  (0,1 faiz çox) yumurta, 28,2 ton (0,7 faiz çox) yun istehsal  olunmuşdur.

        2023-cü il yanvarın 1-i vəziyyətinə rayon üzrə 40375 baş iribuynuzlu mal-qara, 21308 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 336 baş (0,8 faiz), qoyun və keçilərin sayı 89 baş (0,4faiz) azalmışdır.

    2021-ci illə müqayisədə kənd təsərrüfatının ümumi  məhsulu  6,6 faiz,  o cümlədən bitkiçilik  məhsulları istehsalı 15,0 faiz artmış,  heyvandarlıq məhsulları istehsalı isə  2,0 faiz  azalmışdır.

     2023-cü ilin məhsulu üçün 133 hektar sahəyə dən üçün payızlıq taxıl səpilmişdir. Dənlik taxılın 86,7 faizi  və ya 115,3 hektarı  buğda, 13,3  faizi və ya 17,7 hektarı arpa əkini sahəsidir. Əvvəlki ilə nisbətən dən üçün taxılın əkin sahəsi 2,3 dəfə, o cümlədən buğdanın  əkin sahəsi  2,6 dəfə , arpanın əkin sahəsi isə 28,3 faiz  artmışdır.  

    2022-ci ildə əsas kapitala 54691,1 min manat məbləğində, yaxud 2021-ci illə  müqayisədə 97,5  faiz çox  vəsait yönəldilmişdir. Əsas  kapitala yönəldilmiş vəsaitin  49296,6  min manatı və ya 90,1 faizi  bilavasitə  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf  olunmuşdur. 2022-ci ildə Astara rayonunda ümumi sahəsi 8186 kv.m olan 78 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

  Nəqliyyat  sektorunda  fəaliyyət  göstərən  müəssisələr və  fiziki şəxslər tərəfindən  il ərzində  1026 min ton yük və 5931  min nəfər sərnişin daşınmışdır. Əvvəlki  illə müqayisədə  yük daşınması 12,4 faiz,  sərnişin  daşınması isə  25,8  faiz  artmışdır.

  İnformasiya və rabitə  müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən  1208,1 min manatlıq   xidmətlərin  86,7 faizi əhali sektoruna aid olmuşdur. 2021-ci illə müqayisədə  2022-ci ildə   informasiya və rabitə xidmətlərinin dəyəri  5,0  faiz artmışdır.

    2022-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 238233,1 min manatlıq məhsul  satılmış, xidmət subyektləri  tərəfindən 31739,7 min manatlıq ödənişli  xidmətgöstərilmişdir. 2021-ci   illə müqayisədə əmtəə dövriyyəsi 1,8 faiz,  əhaliyə göstərilmiş ödənişli xidmətlərdən  əldə olunan gəlir  6,0 faiz  artmışdır.Bu dövrdə  pərakəndə  ticarət şəbəkəsində  əhaliyə 97617,4  min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 140615,7 min  manatlıq  qeyri-ərzaq məhsulları satılmışdır.

     2022-ci ildə istehlak qiymətləri  indeksi  2021-ci illə  müqayisədə 115,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə  123,5 faiz, qeyri-ərzaq malları üzrə 110,6 faiz, əhaliyə göstərilən ödənişli  xidmətlər üzrə 108,1 faiz təşkil etmişdir.

 2022-ci ilin yanvar-noyabr aylarında   muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı  2021-ci  illə müqayisədə 20,8  faiz  artaraq  530,4  manat təşkil etmişdir.

      Astara Rayon Statistika Idarəsinin  rəisi                                     Vasif Həsənov